Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq bir sıra hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilərlər.
Bu barədə NUHÇIXAN-a SHXÇDX-dən məlumat verilib.
Bildirilib ki, təqdim edilən yeni xidmətə əsasən, artıq 2026-cı ildə 15 yaşı tamam olacaq kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması da bu platforma üzərindən aparılır. Bunun üçün çağırışaqədərki yaş həddində olan vətəndaşın valideyni və ya hüquqi nümayəndəsi “Xidmətlər” bölməsinə daxil olmalı, “Hərbi” alt bölməsinə keçid etməli, daha sonra “İlkin hərbi qeydiyyat”ı seçməlidir. Açılan yeni pəncərədə “Yeni müraciət”ə daxil olmalı, ekranda görünən cari il üçün 15 yaşı tamam olan övladının ad, soyad və ata adı qeyd olunan xananı seçməlidir. Sonrakı mərhələdə övladının qısa tərcümeyi-halını yazmaq və ya fayl şəklində (pdf və ya şəkil formatında) əlavə etmək, orta təhsilini xarici ölkədə alanlar üçün isə müvafiq arayışı yükləmək, həmçinin mobil nömrəni qeyd etmək lazımdır.
Proseslə paralel olaraq valideynin “mygov” kabinetinə övladının tibbi müayinələrdən keçməsi ilə bağlı bildiriş məlumatı daxil olur. Müayinəni keçdikdən sonra çağırışaqədərki yaş həddində olan vətəndaş hərbi qeydiyyata götürülməli olduğu xidmətin struktur bölməsinin hərbi həkim komissiyasına əyani baxış üçün yaxınlaşmalıdır.
Prosesin şəffaflığını təmin etmək məqsədilə valideynlər şəxsi kabinetlərindən göndərdiyi müraciətin icra vəziyyətini izləyə bilir, eyni zamanda, ilkin hərbi qeydiyyata alınma prosesi bitdikdən sonra onlara bu barədə bildiriş göndərilir.
Məlumat üçün qeyd edək ki, artıq ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (kağız daşıyıcı) bu ildən ləğv olunub və bu proses yalnız “mygov” platforması üzərindən aparılır.
Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu platformanın həm dövlət qurumları, həm də vətəndaşlar üçün önəmli olmasından danışıb. Ölkə başçısının sözlərinə görə, bu platforma vətəndaşlar üçün çox böyük üstünlüklər təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstəriləcək.
“Dövlət Xidməti üçün də vətəndaşlara göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir və bu istiqamətdə işlər davam etdirilməkdədir. Bu sahədə aparılan islahatlar və yeniliklər xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiya hüquqpozmalarının qarşısının alınması, vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Silahlı Qüvvələrin sağlam çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirilməsi, səfərbərlik sisteminin səmərəliliyinin artırılması məqsədini daşıyır”, - deyə məlumatda vurğulanıb.
