XX əsrin sonlarında baş vermiş Xocalı soyqırımı Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz qoymuş ən ağır faciələrdən biridir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə, Qarabağ münaqişəsi çərçivəsində Xocalı şəhərində baş verən hadisələr nəticəsində yüzlərlə dinc sakin – qadınlar, uşaqlar və yaşlı insanlar həyatını itirmişdir. Bu faciə yalnız insan itkisi ilə deyil, həm də maddi-mədəni irsə vurulan ağır zərbə ilə yadda qalmışdır.
Xocalı şəhəri strateji əhəmiyyətə malik olmaqla yanaşı, qədim tarixə sahib bir yaşayış məntəqəsi idi. 1991-ci ilin sonlarından etibarən şəhər mühasirə vəziyyətinə düşmüş, əhali əsas təminatlardan məhrum olmuşdu. Hücum gecəsi mülki insanlar qaçmağa məcbur olmuş, şəhəri tərk edən sakinlər atəşə tutulmuşdur. Bu hadisələr beynəlxalq humanitar hüququn prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Lakin faciənin nəticələri bununla bitməmiş, işğaldan sonra bölgədə sistemli dağıntılar həyata keçirilmişdir.
İşğal dövründə Xocalı və ətraf ərazilərdə yerləşən yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları, kitabxanalar və digər sosial infrastruktur obyektləri dağıdılmış və ya yararsız hala salınmışdır. Şəhərin tarixi simasını əks etdirən memarlıq nümunələri, o cümlədən Kurqan çölü, Qalaça, Örtük daşı, Hasar, Düzülü daş kimi qədim yaşayış məntəqələri ilə birlikdə alban kilsələri, Qırxlar qalası, Aslan qalası, Hacı Əli günbəzi, 1356-cı ildə inşa edilmiş dairəvi türbə və XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın əmri ilə tikilmiş Əsgəran qalası da dağıdılmış, qəbiristanlıqlar və dini ibadət yerləri təhqir olunmuşdur. Bu, təkcə fiziki dağıntı deyil, həm də bir xalqın tarixi və mədəni yaddaşına yönəlmiş mənəvi təzyiq idi. Maddi-mədəni irsin məhv edilməsi yalnız tarixi abidələrin yox olması ilə nəticələnməyib, eyni zamanda gələcək nəsillərin öz kökləri ilə bağlı mənəvi və mədəni bağlarını zəiflətmişdir.
Region qədim arxeoloji abidələrlə zəngindir. Burada aşkar edilmiş Kurqan çölü, Qalaça, Örtük daşı, Hasar, Düzülü daş, daş qutu qəbiristanlıqları, kurqanlar və digər arxeoloji tapıntılar Xocalı-Gədəbəy mədəniyyəti nümunələri vasitəsilə minilliklərə söykənən tarixdən xəbər verir. Bu mədəniyyətə aid keramika məmulatları, qabarıq gövdəli küplər, darboğazlı təkqulplu qablar, bəzək əşyaları, silah nümunələri – tunc kəmərlər, baltalar, xəncərlər, enliağız qılınclar, yarpaqvari nizələr və ox ucluqları – qədim Azərbaycan torpaqlarında formalaşmış yüksək sivilizasiya və elat həyat tərzi haqqında dəyərli məlumat verir. Təəssüf ki, işğal nəticəsində bu abidələrin bir hissəsi dağıdılmış, bir hissəsi isə talan edilmiş və qanunsuz şəkildə aparılmışdır. Bu, yalnız bir xalqın deyil, həm də dünya mədəniyyətinin ortaq irsinə qarşı yönəlmiş ciddi itki deməkdir.
Maddi-mədəni irsin məhv edilməsi yalnız bir ölkəyə qarşı deyil, bütövlükdə dünya mədəniyyətinə qarşı yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir. Arxeoloji və tarixi abidələr hər bir xalqın kimliyini, keçmişini və mədəni inkişaf yolunu əks etdirir. Onların dağıdılması mədəni soyqırımı anlayışı ilə səciyyələndirilə biləcək ciddi hüquqi və mənəvi problemdir.
Xocalı soyqırımı eyni zamanda multikultural dəyərlərin sınağı oldu. Azərbaycan tarixən müxtəlif millətlərin və dinlərin birgə yaşadığı tolerant məkan kimi tanınmışdır. Qarşılıqlı hörmət, dini dözümlülük və mədəni müxtəlifliyin qorunması xalqımızın əsas mənəvi prinsiplərindən biridir. Lakin Xocalıda baş verənlər göstərdi ki, etnik nifrət və radikal yanaşmalar bu harmoniyanı sarsıda bilir. Mədəni irsin dağıdılması isə multikultural dəyərlərə qarşı açıq hörmətsizlikdir.
Bu gün əsas vəzifə yalnız faciəni xatırlamaq deyil, həm də dağıdılmış maddi-mədəni irsin bərpası, qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Tarixi yaddaşın qorunması ədalətin təmin olunması ilə yanaşı, regionda davamlı sülhün qurulmasına da xidmət edir. Mədəni irsə hörmət xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın əsas şərtlərindən biridir.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqının əzmi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun cəsarəti və qəhrəmanlığı sayəsində Xocalı və ətraf ərazilər işğaldan azad edilmişdir. Bu qələbə yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də millətimizin birliyinin, ordumuzun gücünün və xalqımızın inadkarlığının göstəricisidir. Azərbaycan Ordusunun şücaəti, eləcə də yerli əhalinin dəstəyilə əldə edilmiş bu nailiyyət regionda sülhün, təhlükəsizliyin və multikultural dəyərlərin bərpasına yol açmışdır.
Dünya bu qələbəyə multikultural perspektivdən baxdıqda, Azərbaycanın həm ərazi bütövlüyünü qorumaq, həm də bölgədə etnik və dini müxtəlifliyi, mədəni irsi və insan hüquqlarını müdafiə etmək bacarığını nümayiş etdirdiyi görünür. Bu təcrübə göstərir ki, davamlı sülh və harmoniya yalnız hüquqa əsaslanan, humanist və multikultural prinsiplərlə mümkündür.
Xocalı insanlığa qarşı törədilmiş cinayətin, həm də maddi-mədəni irsə vurulan zərbənin simvoludur. Bu faciədən çıxarılan dərslər göstərir ki, davamlı sülh yalnız insan hüquqlarının müdafiəsi, multikultural dəyərlərin qorunması və mədəni irsə hörmət əsasında mümkündür. Tarixi yaddaşın yaşadılması və dağıdılmış irsin bərpası gələcəkdə oxşar faciələrin təkrarlanmaması üçün ən mühüm təminatlardandır.
Gülxarə Mənaf Qizi Əhmədova
Naxçivan Muxtar Respublikasi Ali Məclisinin Deputat
