Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynovun qurumun yaz sessiyası ərəfəsində Nazirlər Komitəsinə göndərdiyi yazılı sual sessiyanın ilk iş günündə 14856 saylı ayrıca sənəd kimi ingilis və fransız dillərində nəşr edilərək parlamentarilərə paylanılıb.
NUHÇIXAN xəbər verir ki, deputatın sualı Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini Assambleya üzvlərinə çatdırmaqla bərabər təcavüzkar ölkənin danışıqlar prosesinə ciddi xələl gətirən addımlarını da ifşa edib.
R.Hüseynov Ermənistan xarici işlər nazirinin Amerika Birləşmiş Ştatlarına səfəri zamanı verdiyi məsuliyyətsiz bəyanata diqqəti cəlb edərək bildirib: “Ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilən və bunun nəticəsində 1 milyon qaçqın və məcburi köçkünü olan, əsas zərər çəkən tərəf - Azərbaycan yenə də 30 ilə yaxın müddətdə davam edən münaqişənin diplomatik vasitələrlə həllinin tərəfdarıdır. Azərbaycan və Ermənistan rəhbərlərinin son danışıqları da əslində bu məqsədə xidmət edir. Lakin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülhməramlı proseslərin davam etdiyi bir vaxtda Ermənistanın müdafiə naziri David Tanoyan “Amerikanın səsi”nin xəbərinə görə, martın son günlərində Nyu-Yorkda bəyan edib ki, “biz Azərbaycandan yeni ərazilər işğal etmək üçün yeni müharibəyə başlayacağıq. Təəssüf ki, onun ardınca baş nazir Paşinyan da bu mövqeyi təsdiq etmiş və yeni işğal planlarına şərik olduğunu bildirmişdir”.
Nazirlər Komitəsinin deputat Rafael Hüseynovun yazılı sualına cavab olaraq yaydığı sənəddə belə addımların yolverilməzliyi vurğulanaraq danışıqlar prosesinə zərər gətirən istənilən ehtiyatsız addımdan çəkinməyə çağırılır: “Əvvəlcə xatırlatmaq istərdik ki, Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlama prosesi ATƏT-in Minsk qrupunun səlahiyyətlərinə daxildir. Mən bir daha hər iki ölkəyə xatırlatmaq istərdim ki, onlar danışıqlar yolu ilə nizamlama prosesini təhlükə altına ala biləcək hər cür bəyanatlar və hərəkətlərdən çəkinməlidirlər. Belə bir faktı qeyd etmək çox xoşdur ki, Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən bir neçə saat sonra hər iki ölkənin xarici işlər nazirləri də birgə bəyanat verdilər ki, müsbət və konstruktiv şəraitdə keçən görüş hər iki ölkə liderinə öz mövqelərini aydınlaşdırmaq imkanı yaratdı. Ümid edirəm ki, Avropa Şurasının üzvü olan bu iki ölkə arasında gələcək müzakirələr də elə bu ruhda davam edəcək. Humanitar sahədə tədbirlər və əhalinin sülhə hazırlanması haqqında Vyana razılaşmasının tezliklə həyata keçirilməsinin vacibliyini isə ayrıca qeyd etmək istərdik”.