Çin mediasında Azərbaycan Prezidentinin Təhlükəsizlik Şurasında söylədiyi fikirlərə yer verilib - FOTOLAR
Çin mediası İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən pilotsuz uçuş aparatı (PUA) hücumu və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikirlər barədə xəbərlər yayıb.
NUHÇIXAN xəbər verir ki, Çinin milli xəbər agentliyi Sinxuanın, Çin Mərkəzi Televiziyasının, “China Xəbər Xidmətinin” internet səhifələrində, digər xəbər portallarında mövzu ilə bağlı informasiyalar yerləşdirilib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin İran ərazisindən Naxçıvana PUA hücumu ilə bağlı açıqlamasına istinad olunaraq, bu addımın beynəlxalq hüququn norma və prinsiplərini pozduğu qeyd edilib. Bildirilib ki, Naxçıvan beynəlxalq hava limanına PUA zərbəsi nəticəsində 2 mülki şəxs xəsarət alıb, binaya ziyan dəyib, digər dron isə kənd məktəbinin yaxınlığına düşüb.
Çin mediası yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranın dronlar vasitəsilə Azərbaycana qarşı terror aktı törətdiyini deyib. “Əliyev vurğulayıb ki, İran rəsmiləri Azərbaycana izahat verməli və üzr istənilməlidir. Prezident Əliyev bildirib ki, Azərbaycan İrana qarşı əməliyyatlarda heç vaxt iştirak etməyib və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Azərbaycanın qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağı var, nə də siyasəti buna imkan verir”, - deyə Çin mediası yazır.
Materiallarda qeyd olunub ki, İranın Bakıdakı səfiri kəskin etiraz bildirilmək üçün Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bundan başqa, Azərbaycan Müdafiə Nazirliyinin zəruri cavab tədbirləri hazırlaması və bu hücum aktlarının cavabsız qalmayacağı barədə açıqlamasına yer verilib.
Çin mediasının materiallarında AZƏRTAC-ın müvafiq xəbərlərindən və fotolarından da istifadə olunub. Mövzu ilə bağlı xəbərlər yerli radio kanallarında və sosial mediada yayılıb.