Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana edilən pilotsuz təyyarə hücumunu pisləyib.
NUHÇIXAN xəbər verir ki, Ankarada sənətkarlar və sahibkarlarla keçirilən iftar məclisində o, Azərbaycan dövlətinin başçısı ilə telefon söhbətindən danışıb.
“Qardaşım İlham Əliyevlə söhbətimdə Naxçıvan Muxtar Respublikasına edilən hücumdan təəssüfləndiyimi bildirdim və onu pislədim”, - deyə Türkiyə Prezidenti qeyd edib.
Dövlət başçısı, həmçinin ötən gün Türkiyənin cənub sərhədi yaxınlığında İran raketinin vurulmasını da xatırladıb. “Biz İran tərəfinin diqqətini Türkiyə ilə dostluğun əhəmiyyətinə çəkdik və mehriban qonşuluq münasibətlərinə xələl gətirəcək səhvlərə yol verməməyə çağırdıq”, - deyə o qeyd edib.
Türkiyə liderinin sözlərinə görə, Ankara bölgədə qan tökülməsinin və eskalasiyanın dönməz hala gəlməsinin qarşısını almaq üçün diplomatik səylərini davam etdirir. “Əminəm ki, Türkiyə bu regional turbulentlik zolağından uğurla çıxacaq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
