Cənubi Qafqaz son illər yeni geosiyasi reallıqların formalaşdığı mühüm regionlardan birinə çevrilib. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı qələbədən sonra regionda yeni siyasi balans yaranmış, kommunikasiyaların açılması, enerji və nəqliyyat layihələrinin genişlənməsi kimi proseslər sürətlənmişdir. Lakin bəzi regional qüvvələr bu yeni reallıqları qəbul etməkdə çətinlik çəkir və müxtəlif vasitələrlə regionda gərginlik yaratmağa çalışırlar. Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə qarşı həyata keçirilmiş hücum da məhz belə təhlükəli proseslərin təzahürü kimi qiymətləndirilə bilər. Hadisənin mahiyyəti, məqsədləri və mümkün nəticələri göstərir ki, bu, təsadüfi insident deyil, regionun geosiyasi sabitliyinə yönəlmiş ciddi təxribatdır.
Naxçıvanda baş vermiş hadisə hər şeydən əvvəl mülki obyektlərin hədəfə alınması ilə diqqət çəkir. Hücum nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı infrastrukturu və mülki obyektlər zədələnmiş, insanlar yaralanmışdır. Bu fakt hadisənin sırf hərbi qarşıdurma deyil, terror xarakteri daşıdığını göstərir. Beynəlxalq humanitar hüquq mülki obyektlərin və əhalinin hədəfə alınmasını qəti şəkildə qadağan edir. Bu baxımdan belə bir hücum yalnız region üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sistemi üçün təhlükəli presedent yaradır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu cür addımların regionda sabitliyə qarşı yönəldiyini dəfələrlə vurğulamışdır. Dövlət başçısı çıxışlarının birində qeyd etmişdir: “Azərbaycan heç vaxt mülki əhaliyə qarşı hərbi addımlar atmayıb və atmayacaq. Biz beynəlxalq hüquqa hörmət edən dövlətik. Lakin xalqımıza qarşı törədilən hər bir təxribat cavabsız qalmayacaq”. Bu fikir Azərbaycanın həm beynəlxalq hüquqa sadiqliyini, həm də təhlükəsizliyini qorumaq qətiyyətini nümayiş etdirir.
Naxçıvan Muxtar Respublikası Azərbaycanın geosiyasi baxımdan ən həssas bölgələrindən biridir. Azərbaycanın əsas ərazisindən ayrı düşən bu region həm Türkiyə, həm İran, həm də Ermənistanla sərhəddə yerləşir. Bu baxımdan Naxçıvan təkcə Azərbaycanın deyil, bütövlükdə regionun təhlükəsizlik sistemində mühüm rol oynayır. Burada sabitliyin pozulması Cənubi Qafqazın ümumi təhlükəsizlik balansına təsir göstərə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanın strateji əhəmiyyətini belə ifadə etmişdir: “Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və bu qədim Azərbaycan torpağının təhlükəsizliyi dövlətimizin prioritet məsələsidir. Naxçıvanın müdafiəsi və inkişafı daim diqqət mərkəzindədir”. Ölkə Prezidentinin fikirləri Naxçıvanın yalnız regional deyil, həm də milli təhlükəsizlik baxımından mühüm mövqeyə malik olduğunu göstərir.
Azərbaycanın son illərdə həyata keçirdiyi müstəqil xarici siyasət bəzi regional qüvvələr tərəfindən narahatlıqla qarşılanır. Bakı müxtəlif beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir, enerji və nəqliyyat layihələrində mühüm rol oynayır. Bu səbəbdən bəzi qüvvələr Azərbaycana təzyiq göstərmək və onun regional rolunu zəiflətmək məqsədi güdə bilər. Digər tərəfdən mülki obyektlərin hədəfə alınması çox vaxt psixoloji təsir yaratmaq məqsədi daşıyır. Belə addımlar regionda qorxu mühiti formalaşdırmağa və ictimai sabitliyi pozmağa hesablanır. 2020-ci ildən sonra Cənubi Qafqazda yeni siyasi reallıq formalaşmışdır. Azərbaycan artıq regionun əsas siyasi və iqtisadi aktorlarından biri kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu reallığı qiymətləndirərək söyləmişdir: “Biz regionda yeni reallıq yaratmışıq. Bu reallıqla hamı hesablaşmalıdır. Azərbaycan öz suverenliyini və təhlükəsizliyini qətiyyətlə qoruyacaq”. Bu fikirlər Azərbaycanın regionda formalaşan yeni siyasi balansın əsas aktorlarından biri olduğunu göstərir.
Naxçıvan Muxtar Respublikasında törədilən terror aktı bir neçə mühüm nəticəyə səbəb ola bilər. Belə ki, bu cür hadisələr dövlətlər arasında diplomatik münasibətlərin kəskinləşməsinə səbəb ola bilər. Regionda gərginliyin artması isə iqtisadi və siyasi layihələrin həyata keçirilməsinə mənfi təsir göstərə bilər. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələr regionun sabitliyindən birbaşa asılıdır. Bu baxımdan regionda hərbi gərginliyin artması qlobal enerji bazarına da təsir göstərə bilər. Hadisə regionda təhlükəsizlik mexanizmlərinin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Dövlətlər öz təhlükəsizlik strategiyalarını gücləndirmək məcburiyyətində qala bilərlər.
Azərbaycanın dövlət siyasəti beynəlxalq hüquqa və regional sabitliyə əsaslanır. Bununla belə, ölkə öz təhlükəsizliyini qorumaq məsələsində qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd etmişdir: “Azərbaycan güclü dövlətdir və öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara malikdir. Heç kim bizim iradəmizi sınağa çəkməməlidir”. Bu mövqe Azərbaycanın həm diplomatik, həm də təhlükəsizlik baxımından prinsipial xəttini göstərir.
Naxçıvanda mülki obyektlərə qarşı həyata keçirilmiş hücumu Cənubi Qafqaz regionunda sabitliyə qarşı yönəlmiş ciddi təxribat kimi qiymətləndirik. Hadisə yalnız iki dövlət arasındakı münasibətlərə deyil, həm də regionun təhlükəsizlik sisteminə təsir edə biləcək potensiala malikdir. Bu hadisə bir daha göstərir ki, Cənubi Qafqazda sabitliyin qorunması yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquqa riayət və konstruktiv dialoq yolu ilə mümkündür. Azərbaycanın mövqeyi isə aydındır: ölkə həm sülh və əməkdaşlıq tərəfdarıdır, həm də öz milli təhlükəsizliyini qorumaq məsələsində qətiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan xalqı heç vaxt təzyiq qarşısında geri çəkilməyib. Biz öz torpağımızı, dövlətimizi və xalqımızın təhlükəsizliyini qorumağa qadirik və bunu edəcəyik”. Muxtar Respublikada mülki əhaliyə, infrastruktur obyektlərinə yönələn terror aktı birmənalı şəkildə pislənilir, qəbuledilməzdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi “Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”.
ƏLİ HƏŞİMOV
Ali Məclisin deputatı
