Son günlər Yaxın Şərqdə baş verən hadisələr fonunda regionda yaşanan gərginlik bütün ətraf ölkələrə də təsirsiz ötüşməyib. Meydanda tək qalan İran isə digər qonşu dövlətləri də münaqişəyə cəlb edərək onun əhatə dairəsini genişləndirməyə cəhd göstərir. Belə demək mümkündürsə, cəhənnəmə gedən İran rejimi özünə yoldaş axtarır.
2026-cı il martın 5-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikasından dron hücumlarının həyata keçirilməsi regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirdi. İran ərazisindən mülki infrastruktur hədəf alınaraq Naxçıvan Beynəlxalq Hava Limanı binasına və yaşayış məntəqəsinə yaxın ərazilərə zərbə endirilməsi nəticəsində mülki şəxslərin xəsarət alması və mühüm obyektlərin zədələnməsi bu hücumun yalnız hərbi deyil, həm də humanitar və siyasi nəticələr doğurduğunu göstərir.
Bu hadisə ölkənin suverenliyinə qarşı yönəlmiş ciddi təxribat və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Hadisə həm də Cənubi Qafqaz regionunda onsuz da həssas olan geosiyasi balansın daha da gərginləşməsi riskini artırır.
Azərbaycanın bu xain hücumdan əvvəlki mövqeyinə nəzər salaq. Martın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının ölkəmizdəki səfirliyində oldu və İranın Ali Rəhbəri Seyid Əli Xameneinin və mülki şəxslərin həlak olması ilə bağlı başsağlığı verdi. Lakin ertəsi gün - martın 5-də səhər saatlarında həmin bu qonşu ölkə Naxçıvana dronlarla hücum etdi. Hadisə baş verdikdən sonra Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında aşağıdakı fikirləri səsləndirdi: “Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanları yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik?” Bəli, bu regionda həmişə sülhü dəstəkləyən, qonşuluq münasibətlərini qoruyub saxlayan, riyakarlıqdan uzaq, humanist prinsiplərə əsaslanan Azərbaycanın mövqeyidir. Azərbaycan hər zaman olduğu kimi indi də bu mövqeyə sadiqdir. Regional sabitliyə ciddi təhlükə yaradan Naxçıvana qarşı törədilən bu terror aktı isə İranın öz qonşularına olan nankor münasibətinin göstəricisidir. Eyni zamanda İranın islam ölkələrini hədəf seçməsi islam həmrəyliyinə də ciddi zərbədir. Həm də bu hadisə Azərbaycana qarşı törədilmiş ilk hadisə deyil. Ölkəmizin çətin müharibə şəraitində yaşadığı 30 il ərzində İranın işğalçı qonşularımıza olan “humanist” münasibəti, işğal olunmuş ərazilərimizdə ermənilərlə əl-ələ verib söküb-dağıtdığı, talan etdiyi evlərimizi, məscidlərimizi, terrora məruz qoyduğu torpaqlarımızı hələ unutmamışıq. Yaxud da 2023-cü il yanvarın 23-də Tehrandakı səfirliyimizə olan terror hücumu hələ xalqımızın yaddaşında köhnəlməyib. Azərbaycanın mövqeyi aydındır. Ölkəmizin suverenliyi və vətəndaşlarımızın təhlükəsizliyi hər zaman, hər şeydən üstündür və bu prinsiplərə qarşı yönəlmiş hər hansı addıma qarşı dövlətimiz lazımi tədbirləri görəcəkdir.
Martın 5-də baş verən hadisədən dərhal sonra ölkəmiz bütün lazımi diplomatik addımları atdı. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda qeyd olundu ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyev baş verən hadisəyə sərt reaksiya verərək bunu dövlətə qarşı yönəlmiş terror aktı kimi qiymətləndirdi və məsul şəxslərin cavab verməli olduğunu vurğuladı. Prezident bildirdi ki, Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyü dövlət üçün əsas prioritetdir və belə təxribatlar cavabsız qalmayacaq.
Hadisə beynəlxalq ictimaiyyətdə də geniş rezonans doğurdu. Bir sıra dövlətlər və beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn bu cür hücumları pisləyərək mülki infrastruktura zərbə endirilməsinin qəbuledilməz olduğunu bildirdilər və ölkəmizə beynəlxalq səviyyədə dəstək və həmrəylik nümayiş etdirdilər.
Azərbaycan heç vaxt təcavüzkarlara boyun əyməmişdir və əyməyəcək. Biz sülh tərəfdarıyıq. Qonşularımıza qarşı heç vaxt əsassız iddialarımız olmayıb. Onlardan da özümüzə qarşı eyni davranışı tələb edirik. Əks halda Azərbaycanın Dəmir yumruğu onların hər birinin başına dəyə bilər. Bu, bizim hüququmuzdur və biz hər bir halda öz hüququmuzu qorumağa qadirik. Azərbaycan vətəndaşları da daim öz dövlətinin yanındadır və onun qərarlarını dəstəkləyir.
Nuray Əliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
