XİN: Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır
Yaxın Şərqdə davam etməkdə olan hərbi eskalasiya nəticəsində Körfəz ölkələrinin hava məkanlarının bağlanmasından dərhal sonra həmin ölkələrdə qalmış Azərbaycan Respublikası vətəndaşlarının təxliyəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanılıb.
Xarici İşlər Nazirliyindən (XİN) NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycanın Körfəz ölkələrindəki diplomatik missiyalarına verilmiş tapşırıq əsasında təxliyə üçün vətəndaşların siyahıya alınması həyata keçirilib.
İlkin siyahıyaalma nəticələrinə əsasən, 5 ölkədə təxminən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib (Birləşmiş Ərəb Əmirlikləri: 490 nəfər, Səudiyyə Ərəbistanı: 220 nəfər, Qətər Dövləti: 200 nəfər, Bəhreyn Krallığı: 23 nəfər, Küveyt Dövləti: 26 nəfər).
Bildirilib ki, Azərbaycan vətəndaşları üçün əsas turizm istiqamətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və xüsusilə də Dubay şəhərində ölkəmizin baş konsulluğunun "FlyDubai" aviaşirkəti ilə apardığı danışıqlar nəticəsində Dubay-Bakı istiqamətində uçuşlar BƏƏ hava məkanı məhdud açıldıqdan sonra həyata keçirilməyə başlanıb. Qeyd olunan istiqamət üzrə 3-5 mart tarixlərində həyata keçirilmiş uçuşlarla 755 nəfər Azərbaycan vətəndaşı ölkəyə geri qayıdıb. Hazırda BƏƏ hava məkanının yenidən bağlı olduğu nəzərə alınaraq, yerdə qalan Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır.
Qeyd edilib ki, təxliyəyə ehtiyac duyulan ikinci əsas istiqamət olan Səudiyyə Ərəbistanı üzrə martın 4-də Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı (bundan əlavə, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı) (ümumi 207 nəfər) ölkəmizə təxliyə olunub. Bundan əlavə, Qətər Dövləti, Bəhreyn Sultanlığı və Səudiyyə Ərəbistanında qeydiyyata düşmüş vətəndaşlarımızın diplomatik missiyalarımızın təşkil etdiyi müvafiq avtobuslarla Ciddəyə nəqli həyata keçirilib və AZAL-a məxsus Ciddə-Bakı reysi ilə martın 7-də təxliyə olunaraq 203 nəfər (2 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı, 1 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı daxil olmaqla) ölkəmizə geri qayıdıb.
İran İslam Respublikasında olan vətəndaşlarımızın maneəsiz şəkildə ölkəmizə quru yolu ilə keçə bilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib və aidiyyəti dövlət qurumlarına göstəriş verilib. İndiyə qədər 300 nəfər Azərbaycan vətəndaşı İrandan quru yolla Azərbaycana gəlib.
Bildirilib ki, regiondakı vəziyyət diqqətlə izlənməkdədir və vətəndaşların təxliyəsi üçün lazımi tədbirlər görülməkdədir.
