AZƏRBAYCANIN UĞURLU SİYASƏTİ BEYNƏLXALQ HƏMRƏYLİK FONUNDA BİR DAHA TƏSDİQİNİ TAPDI

A- A A+

Azərbaycan Respublikasının ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ərazisinə İran tərəfindən 05.03.2026-cı il tarixində həyata keçirilən dron hücumu dərin hiddət doğurmuş, geniş ictimaiyyət tərəfindən qətiyyətlə qınanmışdı. Bu hadisə ilk olaraq gərginlik yaratsa da, eyni zamanda 3 vacib nüansı da üzə çıxardı: Azərbaycanın sarsılmaz iradəsi, etibarlı tərəfdaşlığı, və yardımsevər missiyasının geniş müstəvidə təqdir olunması hansı ki, ölkəmizin uğurlu siyasətinin beynəlxalq həmrəylik fonunda bir daha təsdiqini tapması ilə nəticələnmişdir.

Ölkə başçısının qətiyyətli iradəsi sayəsində baş verən hadisələr dərhal nəzarət altına alınmış, lazımi təhlükəsizlik tədbirləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə elə həmin gün keçirilən Təhlükəsizlik Şurasının iclasında hadisə təhlil edilmiş və konkret şəkildə tələb ifadə edilmişdir: “Azərbaycan dövləti bu çirkin terror aktını pisləyir. Bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir”.  Bu haqlı tələb ölkə daxilində olduğu kimi beynəlxalq birliyin üzvləri tərəfindən də birmənalı şəkildə dəstəklənmişdir. Bu məsələdə Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı beynəlxalq nüfuz xüsusi əhəmiyyət daşıyırdı.

Ölkəmizin regional və qlobal səviyyədə həyata keçirdiyi siyasət sülhün, təhlükəsizliyin qorunmasına və iqtisadi inkişaf layihələrinin dəstəklənməsinə yönəlmiş, xüsusilə qonşu dövlətlərlə qarşılıqlı hörmət prinsipi hər zaman gözlənilmişdir. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında bu fikri xüsusi olaraq vurğuladığı kimi: “..Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisi heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq”. Qonşu dövlətlərlə bağlı belə bir mövqe ölkəmizin regionda təhlükəsizliyin təmin  olunması məsələsində qətiyyətini nümayiş etdirir. Hadisələrin sonrakı gedişi də ölkəmizin bütün sahələrdə olduğu kimi,  bu istiqamətdə də atdığı addımlarda nə qədər haqlı olduğunu göstərdi və Naxçıvana qarşı törədilən təxribatla bağlı dünya dövlətlərinin Azərbaycanla həmrəyliyi fonunda bir daha təsdiqini tapdı.

Beynəlxalq birliyin böyük əksəriyyəti dərhal Naxçıvan Beynəlxalq Hava Limanı və Şəkərabad məktəbi yaxınlığında baş verən inisidenti törədənləri qınamış,  Azərbaycan Respublikası ilə həmrəylik nümayiş etdirmişdir. Elə həmin gün ölkə Prezidentinə zəng edən qardaş Türkiyə Respublikasının, Özbəkistan Respublikasının, Birləşmiş Ərəb Əmirliklərinin, Gürcüstan Respublikasının, Latviya Respublikasının prezidentləri hadisəni pisləyərək Azərbaycanın yanında olduqlarını bildirmişdir. Diqqət çəkən məqamlardan biri də həmin gün olduğu kimi sonrakı günlərdə də Azərbaycanla həmrəy olduqlarını ifadə edən bu dövlətlərin diapazon müxtəlifliyidir. Pakistan, Liviya, Efiopiya, Serbiya, Macarıstan, Albaniya, Fransa və hadisəyə münasibət bildirən digər dövlətlər tək regional müxtəlifliyin deyil, dini, siyasi və mədəni müxtəlifliklərin də ölkəmizlə bağlı eyni məxrəcə gəldiyinin göstəricisidir. Burada İslam həmrəyliyini də görmək mümkündür, qərb tərəfdaşlığının üzvlərini də, türk dövlətlərini də, eləcə də Qoşulmama Hərakatının üzvlərini və müxtəlif beynəlxalq təşkilatları da. Qlobal müxtəlifliyin son hadisələrlə bağlı Azərbaycana dəstək verməsi onları  eyni müstəvidə birləşdirmişdir. Bu, ölkəmizin həyata keçirdiyi çoxtərəfli münasibətlər sisteminin, uzaqgörən siyasətin uğurlu nəticəsi olaraq dəyərləndirilə bilər.

Hadisələrlə bağlı Azərbaycana dəstək nümayiş etdirən bəzi dövlətlərin eyni zamanda vətəndaşlarının İrandan təxliyə edilməsində göstərilən kömək üçün minnətdarlıqlarını ifadə etməsi də diqqətəlayiqdir. Qeyd etmək lazımdır ki, bu cür dəstək İran vətəndaşları üçün də edilmişdir. Bu addımlar Azərbaycanın qətiyyətli iradə, güvənilir dövlət olmaqla yanaşı xeyirxahlıq missiyasının nümunələridir hansı ki, qısa müddətdə öz müsbət nəticəsini göstərdi. Ötən gün İran Prezidentinin Azərbaycan Respublikası Prezidentinə zəng etməsi, dünəndən başlayarq Bakı-Naxçıvan təyyarə reyslərinin bərpa olunması ölkədə və regionda təhlükəsizlik və sülhün qorunması sahəsində aparılan ardıcıl, uzaqgörən siyasətin nəticəsidir. Təbii ki, bu səbəbdəndir ki, Şərqdən Qərbə uzanan Orta Dəhlizin nüvəsini təşkil edən Zəngəzur dəhlizi yaxud digər adıyla desək, “Tramp yolu ” (TRİPP) bu gün alternativsiz əhəmiyyətli yol olaraq qəbul edilməklə ən etibarlı logistik-kommunikasiya vasitəsi mövqeyini qazanmışdır. Bütün bunlar Azərbaycanın istər siyasi, istərsə də iqtisadi sahədə apardığı uğurlu siyasətin beynəlxalq miqyasda təsdiqidir.

 

Zeynəb Quliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi

Tarix elmləri doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: