“The Diplomat in Spain” jurnalı Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsi haqqında məqalə dərc edib
“The Diplomat in Spain” jurnalının elektron versiyasında “Qız uşağının doğulması ilə Azərbaycan əhalisinin sayı 10 milyona çatdı” adlı məqalə yayılıb.
NUHÇIXAN xəbər verir ki, məqalədə ölkənin paytaxtı Bakıda aprelin 6-da qız uşağının dünyaya gəlməsi ilə Azərbaycan əhalisinin 10 milyon nəfərə çatması qeyd olunur.
Jurnalda diqqətə çatdırılır ki, Azərbaycanda son illərdə əhalinin daimi artımı müdrik və uzaqgörən lider İlham Əliyev tərəfindən ölkədə iqtisadi inkişafın, sabitliyin möhkəmləndirilməsi və sosial təminatın gücləndirilməsi istiqamətində aparılan böyük işlərin nəticəsidir. Prezident İlham Əliyev tərəfindən xüsusən bu ilin ilk aylarında həyata keçirilən sosial islahatlar dayanıqlı inkişaf kontekstində müsbət demoqrafik şərait yaradıb və Azərbaycan əhalisinin artım tempinin dəstəklənməsini təmin edib.
2000-ci ildə Azərbaycanın əhalisi 7,7 milyon nəfər olub. Bu göstərici 2009-cu ildə 9 milyon nəfəri keçib, bununla yanaşı, əhalinin artım tempi 0,8 faiz təşkil edib.