Müdafiə Nazirliyi vətəndaşlara və KİV nümayəndələrinə müraciət edib.
NUHÇIXAN Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, müraciətdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, ordu ilə xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ictimaiyyət nümayəndələrinin hərbi hissələrdə həyata keçirilən quruculuq işləri, eləcə də valideynlərin övladlarının xidməti şəraiti ilə əyani şəkildə tanış olmaları məqsədilə Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirildiyi vurğulanıb.
Görülən işlərin xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığının qeyd olunduğu müraciətdə bildirilib: “Lakin son günlər müxtəlif ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin hərbi hissələrə, xüsusilə də ön xətdə yerləşən bölmələrə səfərlərindən sonra ayrı-ayrı vətəndaşlarımızın mobil telefon, videokamera və fotoaparat vasitəsilə hərbi hissələrin ərazisində çəkdikləri kadrlar sosial şəbəkələrdə yayılır, müxtəlif şərhlər paylaşılır. Beləliklə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbləri pozularaq düşmənə Ordumuz barədə məlumatlar əldə etmək imkanı yaradılır.
Müdafiə Nazirliyi bildirir ki, hərbi hissələrin və ön xətt bölmələrimizin, xüsusilə də onların şəxsi heyətinin təhlükəsizliyi baxımından bu cür hallar yolverilməzdir”.