Beynəlxalq ictimaiyyət mürəkkəb keçid dövrlərindən keçərkən belə platformalar dialoqun təşviqi, etimad mühitinin yaradılması və kollektiv həll yollarının müəyyən olunması üçün vacibdir.
Builki Forumun mövzusu zamanımızın əsas reallıqlarını əks etdirir. Biz dərin geosiyasi dəyişiklikləri, texnoloji transformasiyaları və artan iqlim çağırışlarını müşahidə edirik.
NUHÇIXAN xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” mövzusundakı panel iclasında deyib.
Anar Quliyev qeyd edib ki, şəhərləşmə və mənzil problemləri qlobal dinamika ilə sıx bağlıdır. Bugünkü şəhərlər dünyada rifah və yoxsulluq, imkan və istisna, dayanıqlılıq və həssaslıq arasındakı fərqlərin ən çox göründüyü məkanlardır. Adekvat mənzilə çıxış təmin etmək cəmiyyətlərdə sosial və iqtisadi fərqliliklərin aradan qaldırılmasında mühüm elementdir.
