Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) Bakıda keçiriləcək, lakin WUF13 çərçivəsində Qarabağda sessiyaların keçirilməsi nəzərdə tutulmayıb.
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
Anar Quliyev qeyd edib ki, Forum iştirakçılarının Qarabağa və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil olunacaq. Həmçinin bir sıra tədbirlər işğal nəticəsində dağılan ərazilərin bərpası və Azərbaycan Hökumətinin bu sahədə apardığı iş barədə məlumatın dünya ictimaiyyətinə çatdırılmasına həsr ediləcək.
Komitə sədri əlavə edib ki, mənzil təminatı məsələsində yalnız layihələndirmə və inşaat kifayət deyil, onun əlçatanlığı da vacib amildir. Bu sahədə Azərbaycan İpoteka Fondu və Mənzil İnşaatı Dövlət Agentliyi vasitəsilə uzun illər ərzində uğurlu işlər görülüb.
Anar Quliyev ölkənin bu təcrübəsini Forum çərçivəsində qlobal paylaşmağa hazır olduğunu vurğulayıb.
