2026-cı il martın 11-də Azərbaycan-a səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə keçirilən görüş və birgə mətbuat bəyanatı Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişaf istiqamətlərini və tərəfdaşlığın perspektivlərini bir daha nümayiş etdirdi. Görüş zamanı çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr hazırda fəal mərhələdədir və tərəflər müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdırlar. Dövlət başçısı qeyd etdi ki, Avropa qurumları ilə dialoq son illər daha intensiv xarakter alıb, yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm görüşlər tərəfdaşlığın dərinləşməsinə xidmət edir.
Onun sözlərinə görə, iqtisadi sahədə qarşılıqlı fəaliyyət Azərbaycan–Avropa münasibətlərinin əsas istiqamətlərindən biridir. Statistik göstəricilər də bunu aydın şəkildə təsdiqləyir. Belə ki, 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən yarısı Avropa İttifaqının payına düşüb. Bu fakt Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu göstərir. Qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi və yeni iqtisadi təşəbbüslərin irəli sürülməsi əməkdaşlığın yaxın gələcəkdə daha da genişlənəcəyinə zəmin yaradır.
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin mühüm istiqamətlərindən biri də enerji sektorudur. Dövlət başçısı bildirdi ki, enerji sahəsində əməkdaşlıq bu tərəfdaşlığın əsas dayaqlarından biri olaraq qalır. Xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənəd bu sahədə yeni imkanların yaranmasına səbəb olub və münasibətlərin inkişafına əlavə təkan verib. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır və ümumilikdə Azərbaycan qazının ixrac edildiyi ölkələrin sayı 16-ya çatıb. Bu göstərici Azərbaycanın beynəlxalq enerji bazarında əhəmiyyətli mövqeyə malik olduğunu və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verdiyini göstərir.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu layihə vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına etibarlı və fasiləsiz şəkildə çatdırılır və beləliklə, qitənin enerji təchizatında mühüm rol oynayır. O, qeyd etdi ki, yaxın illərdə qaz hasilatının artırılması nəzərdə tutulur və yeni yataqların istismara verilməsi əlavə qaz həcmlərinin dünya bazarına çıxarılmasına imkan yaradacaq.
Çıxış zamanı enerji siyasətində bərpaolunan enerji mənbələrinin də getdikcə daha mühüm yer tutduğu diqqətə çatdırıldı. Bildirildi ki, Azərbaycan külək, günəş və su elektrik enerjisi sahəsində geniş layihələr həyata keçirir və bu istiqamətə böyük sərmayələr yönəldilir. Ölkənin iqlim şəraiti və coğrafi mövqeyi bərpaolunan enerji sahəsində ciddi potensial formalaşdırır. İl ərzində 300-dən çox günəşli günün müşahidə olunması günəş enerjisinin inkişafı üçün əlverişli imkan yaradır. Qeyd olundu ki, yaxın beş-altı il ərzində ixraca yönəlmiş 6–8 giqavat gücündə bərpaolunan enerji istehsalı planlaşdırılır və bu istiqamətdə Avropa tərəfdaşları ilə elektrik ötürücü xətlərinin, dənizaltı enerji kabellərinin və digər enerji infrastrukturu layihələrinin reallaşdırılması üzrə işlər davam etdirilir.
Görüşdə regionda sülh və sabitliyin təmin olunması məsələlərinə də toxunulub. Dövlət başçısı qeyd edib ki, Azərbaycan uzun illər davam edən münaqişə mərhələsindən sonra artıq sülh şəraitində yaşayır və bölgədə davamlı sabitliyin bərqərar olması üçün fəal addımlar atır. Ermənistanla paraflanmış sülh sazişi regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, Azərbaycan sülh prosesinə yalnız siyasi bəyanatlarla deyil, həm də konkret addımlarla töhfə verir. Bu çərçivədə Ermənistanla müəyyən iqtisadi əlaqələrin qurulması istiqamətində addımlar atılıb, həmçinin digər ölkələrdən Ermənistana Azərbaycan ərazisi vasitəsilə həyata keçirilən tranzit daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.
Bildirilib ki, tərəflər siyasi iradə nümayiş etdirdiyi halda sülh və barışıq mümkündür və bu, dövlətlərin və xalqların gələcək inkişafı üçün ən doğru yoldur. Uzun illər müharibə şəraitində yaşamış Azərbaycan üçün sülhün dəyərinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Sabitlik və qarşılıqlı etimadın regionda iqtisadi əlaqələrin genişlənməsinə, nəqliyyat və logistika layihələrinin inkişafına, eləcə də ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə imkan yaratdığı vurğulanıb.
Azərbaycan ilə Avropa İttifaqı arasında inkişaf edən strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətin genişlənməsi, bərpaolunan enerji layihələrinin reallaşdırılması və regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlar göstərir ki, tərəflər qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli və davamlı əməkdaşlıq modelinin formalaşdırılmasına xüsusi önəm verirlər. Azərbaycan özünün balanslaşdırılmış və praqmatik siyasəti ilə həm regionda sabitliyin təmin olunmasına, həm də beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməkdə davam edir.
Gülxarə Əhmədova
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
