Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Koreyanın xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə NUHÇIXAN-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə Koreya arasında siyasi, iqtisadi, ticarət, təhsil, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ikitərəfli münasibətlərin genişləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Eyni zamanda, Azərbaycan Hökuməti və Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın, eləcə də Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin vacibliyi qeyd olunub. 2027-ci ildə ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyinin qeyd olunacağı məmnunluqla diqqətə çatdırılıb.
Azərbaycanın bölgədə həyata keçirdiyi genişmiqyaslı enerji və nəqliyyat layihələri, alternativ enerjinin ixracı planlarından bəhs olunub, bu və digər istiqamətlərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı, o cümlədən C6 formatı çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Regionlararası əlaqələrin inkişafı, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, eləcə də iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinin önəmi qeyd olunub.
Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə qarşı tərəfi məlumatlandırıb.
Tərəflər, eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Koreya tərəfi vətəndaşlarının ölkəmizin ərazisindən keçməklə İrandan təxliyəsinə göstərilən dəstəyə görə dərin minnətdarlığını bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
