Ceyhun Bayramov: Bakı İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyir

A- A A+

Azərbaycan İranın Naxçıvana pilotsuz uçuş aparatı (PUA) zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılması barədə verdiyi təminatları yerinə yetirəcəyinə və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlər görəcəyinə ümid edir.

NUHÇIXAN Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu nazir Ceyhun Bayramov Ər-Riyadda (Səudiyyə Ərəbistanı) XİN başçılarının məsləhət görüşündə bəyan edib.

C.Bayramov görüş iştirakçılarına xatırladıb ki, martın 5-də İran ərazisindən uçan PUA-lar Azərbaycanın Naxçıvan Muxtar Respublikasının infrastrukturuna zərbələr endirib. Nəticədə dörd mülki şəxs xəsarət alıb və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla kritik infrastruktura əhəmiyyətli ziyan dəyib.

Nazir vurğulayıb ki, Azərbaycan hadisəyə operativ və qətiyyətli reaksiya verib, öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini bütün qanuni vasitələrlə qorumağa sadiqliyini təsdiqləyib.

"Azərbaycan İran tərəfinin hadisənin hərtərəfli araşdırılmasına dair verdiyi zəmanətləri yerinə yetirəcəyini və gələcəkdə bu cür halların qarşısının alınması üçün zəruri tədbirlərin görüləcəyini gözləyir", - o əlavə edib.

Xatırladaq ki, martın 5-də İran ərazisindən buraxılmış pilotsuz uçuş aparatları Naxçıvan ərazisindəki obyektlərə zərbə endirib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına edilən hücum nəticəsində dörd mülki şəxs yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev İran tərəfinin hərəkətlərini çirkin terror aktı adlandırıb. Prezident bəyan edib ki, İranın rəsmi şəxsləri izahat verməli, Azərbaycan tərəfindən üzr istəməli, bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: