Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 36-cı Sessiyasında Azərbaycan nümayəndə heyətinin iştirak edib - FOTOLAR
1-4 aprel tarixlərində Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 36-cı Sessiyası keçirilib. Avropa Şurasına daxil olan 47 üzv dövlətin 324 təmsilçisinin qatıldığı 36-cı sessiyası bu dəfə “Merlər: demokratiyanın mühafizəçiləri” devizi altında keçirilib. Sessiyada İspaniyanın Ərazi məsələləri üzrə dövlət katibi İqnasio Sançes Amorun iştirakı ilə müzakirələr təşkil olunub. Sessiya Finlandiyanın Avropa Şurasında sədrliyi dövründə keçirildiyindən müzakirələrdə həmin ölkənin Nəqliyyat və kommunikasiya nazirinin iştirakı ilə bağlı dinləmələr təşkil olunan, plenar iclasların gedişində Avropa Şurasının Baş katibi Türbyörn Yaqland və AŞPA-nın sədri Lilyan Mori Paskye də müzakirələrə qatılaraq konqres üzvlərinin suallarını cavablandırıblar.
Konqresin 36-cı sessiyasının gündəliyində həmçinin “Avropa Şurasının gələcəyi ilə bağlı: Konqresin rolu və qatqısı (Helsinki prosesi)”, “Yerli və regional səviyyədə açıq hökümət, gənc əhalinin sosial hüquqları: yerli və regional hakimiyyətlərin rolu”, “Yerli və regional hakimiyyətlərin öz strukturlarının maliyyələşməsində səlahiyyətləri haqqında” və bir sıra digər məsələlər müzakirə olunaraq müvafiq tövsiyyə və qətnamələr qəbul olunub. Ənənəvi olaraq bu sessiyada da bir sıra ölkələrdə keçirilən seçkilərin nəticələri, həmçinin ayrı-ayrı üzv-dövlətlərdə yerli və regional demokratiyanın vəziyyəti müzakirə edilib.
Konqresin 36-cı Sessiyasının işində iştirak edən Azərbaycan nümayəndə heyəti komitələrdə, palataların iclaslarında və plenar sessiyadakı müzakirələrdə fəal iştirak edib. Plenar sessiyada “Gənc əhalinin sosial hüquqları: yerli və regional hakimiyyətlərin rolu” adlı sənədə dair müzakirələrdə nümayəndə heyətinin üzvü, Kəngərli rayonu Qıvraq Bələdiyyəsinin üzvü Rauf Əliyev çıxış edərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq Bələdiyyəsini təmsil etməklə yanaşı müəllim kimi təhsil sektoru ilə, bilavasitə gəncliklə sıx təmasda olan insan kimi Naxçıvandakı təcrübədən bəhs etmək istəyir. Rauf Əliyev bildirib ki, muxtar respublika əhalisinin üçdə ikisi gənclərdir və bu da həyata keçirilən siyasətdə gənclik faktorunu daim nəzərə alınmasını aktual edir. Ümumilikdə muxtar respublika, eləcə də yerli büdcədə sosial yönümlü xərclər üstünlük təşkil edir, xərclərin daxilində gəncliklə bağlı siyasətə əhəmiyyətli sərmayələr qoyulur. Gəncliyin işsizlik probleminin həlli, məşğulluğunun təmin edilməsi, keyfiyyətli və müasir təhsil resurslarına çıxış imkanlarının yaradılması, sağlam gəncliyin yetişməsi üçün ardıcıl tədbirlərin, o cümlədən dövlət hesabına sağlamlıq və idman infrastrukturunun yerlərdə əhatəliyinin və şəbəkəsinin yaradılması diqqət mərkəzindədir. Diqqətə çatdırılıb ki, muxtar respublikada aparılan gənclik siyasətində sosial haqların nəzərə alınması qazanılan uğurların əsas səbəbidir.
Nümayəndə heyətinin üzvü Samirə Hüseynova AŞPA prezidentinə sual ünvalamışdır. O, AŞPA prezidentinin bir həftə öncə İrəvanda səfərdə olmasını diqqətə çatdırıb və bu zaman Ermənistan rəhbərliyinə Avropa Şurası qarşısında münaqişənin sülh yolu ilə həllinə dair öhdəliyi xatırlatmamasının səbəbini soruşub, eləcə də bu sahədə hər hansı bir irəliləyişin olmadığını şərh etməyi xahiş edib.