Son bir ildə: Prezidentin fəaliyyətinin başlıca məqamları

A- A A+

Dünyada ölkə başçılarının fəaliyyətlərinin müəyyən dövrlər üzrə qiymətləndirilməsi bir ənənəyə çevrilib. Bu sırada Prezidentlərin birillik fəaliyyəti xüsusi yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin də növbəti dəfə Prezident seçilməsindən bir il ötür. Bununla bağlı ekspertlər geniş analizlər aparırlar. Onların təhlili göstərir ki, keçən müddət ərzində İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlara imza atıb. Bütün sahələr üzrə həyata keçirilən proqramlar, islahatların davam etdirilməsi konkret müsbət nəticələr verib. Vurğulayaq ki, Azərbaycan Prezidentinin birillik fəaliyyətinə beynəlxalq təşkilatlar və ekspertlər də ciddi maraq göstəriblər. Onların da fikrinə görə, İlham Əliyev olduqca uğurlu siyasi kurs reallaşdırır. Biz vurğulanan məqamlar kontekstində dövlət başçısının ötən bir ildəki uğurlu fəaliyyətinin analizi üzərində daha geniş dayanmağa böyük ehtiyac görürük.

Yüksək etimad: demokratik seçkidə inamlı qələbə qazanan lider

İlham Əliyevin növbəti dəfə Prezident seçilməsindən bir il ötür. Ekspertlər bu müddəti analiz edir, qiymətləndirmələr aparır və proqnozlar verirlər. Bir sıra xarici ekspertlər və təşkilatlar da Azərbaycan Prezidentinin fəaliyyəti barədə öz fikirlərini ifadə edirlər. Aparılan müqayisələr, gətirilən faktlar, həyata keçirilən proqramlar sübut edir ki, ölkə rəhbərinin son bir ildəki fəaliyyəti tamamilə uğurlu olub. Müstəqil dövlət quruculuğu prosesi məzmunca yeni səviyyəyə yüksəlib. Bu, daxili və xarici siyasətə eyni dərəcədə aiddir. Əldə olunan nəticələrin işığında həmin qənaətin doğruluğuna tam əminlik yaranır.

Hər şeydən öncə, bir il əvvəl keçirilən seçkinin demokratikliyi və şəffaflığını vurğulamaq lazımdır. Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, yüksək seçki mədəniyyətinə malikdir. Seçkidə iştirak edən bütün namizədlər üçün geniş təbliğat imkanları yaradılmışdı. Ölkə KİV-ləri bərabər şərtlər daxilində onların hər birinin rahat qaydada fikrini ifadə etməsi, mövqeyini açıqlaması üçün şans verirdi. Seçki günü də proses tam demokratik ruhda, sabitlik mühitində keçdi. Seçici azad surətdə layiq bildiyi namizədə səs verdi. Səsvermənin nəticəsinə görə, İlham Əliyev bütün rəqiblərini qabaqladı – 86,02 faiz səs topladı. Bu, vətəndaşların Prezidentə olan yüksək etimadının birbaşa göstəricisi idi.

İlham Əliyev xalqın tam dəstəyini hiss edərək, böyük fəallıqla ölkəyə rəhbərlik etməkdədir. Keçən müddət ərzində bütün istiqamətlərdə böyük proqramlar həyata keçirilib, islahatlar aparılıb. Daxili və xarici siyasətdə uğurlar qazanılıb. Onların analizi göstərir ki, müstəqil dövlət quruculuğu faktiki olaraq yeni səviyyəyə yüksəlib və bu prosesin böyük perspektivi vardır.

Son bir ildə ölkədə əhalinin sosial rifahının yüksəldilməsi və sosial təminatın daha da inkişaf etdirilməsi istiqamətlərində ciddi addımlar atılıb. Azərbaycan sözün həqiqi mənasında sosial dövlət olduğunu dünyaya bir daha nümayiş etdirib. Prezident İlham Əliyev şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə daim diqqət və qayğı göstərib. Təsadüfi deyil ki, keçən il Prezident seçkilərindən sonra imzalanan ilk fərman şəhid ailələrinə birdəfəlik 11 min manat məbləğində kompensasiyanın verilməsi ilə bağlı oldu.

Sonrakı fərmanla şəhid ailələrinə verilən müavinət 242 manatdan 300 manata qaldırıldı. Bundan başqa, Əfqanıstanda həlak olanların ailələri üçün müavinət də 300 manat oldu. 2018-2019-cu illərdə şəhid ailələrinə 1426 mənzil verilməsi nəzərdə tutulmuşdu ki, onun da 700-ə yaxını artıq verilib.

Məcburi köçkünlər daim Azərbaycan Prezidentinin diqqət mərkəzində olub. Son bir ildə həmin sahədə də sosial islahatlar davam edib. Məsələn, bu günlərdə İlham Əliyev Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün istifadəyə verilən yeni yaşayış kompleksini açdı. Bu, sayca ölkə üzrə məcburi köçkünlər üçün salınan 103-cü müasir yaşayış kompleksidir. Təkcə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib.

Son bir ilin təcrübəsi onu da təsdiq etdi ki, dövlət başçısı daim ölkə vətəndaşının yanındadır. Bu il Şamaxıda, Ağsuda, İsmayıllıda baş verən zəlzələ nəticəsində insanlara dəyən ziyanın kompensasiya edilməsi üçün lazımi addımların atılması barədə Prezident göstərişlər verdi. Şəxsən özü təbii fəlakətlərin olduğu yerlərə gedib, insanlarla ünsiyyətdə oldu. Qeyd edək ki, bu səfərlər onu da göstərdi ki, xalqın öz rəhbərinə dərin hörməti var və onun apardığı siyasəti tam dəstəkləyir.

Mütəxəssislər bütövlükdə Prezidentin son fərman, sərəncam və qərarlarının hər birini sosial inqilab kimi dəyərləndirirlər. Ölkə rəhbəri vurğulayır ki, maliyyə imkanları möhkəmlənən ölkəmizdə hazırlanan sosial paketdə daha ciddi islahatlar nəzərdə tutulur. Bu kontekstdə onu da vurğulamaq gərəkdir ki, Dünya Bankı tərəfindən açıqlanan "Doing Business 2019" hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti kimi göstərilib. Hətta Azərbaycan ən çox islahat aparan ölkə kimi qiymətləndirilib. Hesabatda Azərbaycan 190 ölkə arasında 25-ci yerdə göstərilib.

Prezident İlham Əliyevin rəhbərliyi altında son bir ildə Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurları Avropa Yenidənqurma və İnkişaf Bankı da yüksək qiymətləndirib. Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019" hesabatına əsasən isə Azərbaycan 140 ölkə arasında 12-ci yeri tutur.

Azərbaycan Prezidentinin son bir ildə əhalinin sosial maraqlarının müdafiəsinə və rifah halının yaxşılaşmasına yüksək diqqət yetirdiyini təsdiqləyən faktlar sırasında 2019-cu ilin fevral ayında imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" və "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanlarını ayrıca vurğulamaq lazımdır. Çünki hər iki məsələ cəmiyyət üçün aktuallıq kəsb edirdi və dövlət başçısı zamanında buna reaksiya verərək, düzgün qərar verdi. Təbii ki, cəmiyyət ölkə rəhbərinin bu qayğısını yüksək qiymətləndirir.

Əlbəttə, Prezidentin atdığı addımlar bütövlükdə ölkənin sosial-iqtisadi inkişafı üçün ciddi təkandır. Bu baxımdan son bir ildə reallaşan iqtisadi islahatlar, gömrük və vergi sahəsində atılan addımlar büdcə daxilolmalarına öz müsbət təsirini göstərib. Belə ki, 2019-cu ilin birinci ayında vergi orqanları büdcəyə plandan əlavə 80 milyon manatdan çox, gömrük orqanları isə 20 milyon manatdan çox vəsait keçiriblər.

Bunlarla yanaşı, keçən bir il müddətində sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu addım həm sahibkarların daha sərbəst fəaliyyətini təmin edir, həm də Azərbaycanda sərmayə qoyuluşu üçün uyğun mühitin mövcudluğu təsdiq olunur. Sirr deyil ki, hazırda müstəqilliyini əldə etmiş bir çox dövlətlərə xarici investorlar sərmayə qoymağa risk etmirlər. Onlar etibarlı mühit və yüksək təminat istəyirlər. Azərbaycanda belə bir mühitin olduğunu indi hər kəs qəbul edir. Bu səbəbdəndir ki, son bir ildə də Azərbaycan regionda ən çox xarici sərmayə qoyulan ölkə statusunu qoruyub saxlaya bilib. Cənubi Qafqazın digər ölkələrinə sərmayə qoyuluşu yüksək deyil.

Qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması da son bir ilin nailiyyətləri sırasında özəl yer tutur. Bu məsələ həm iqtisadiyyatın şaxələnməsi, həm də innovasiyaların çevik şəkildə müxtəlif sahələrə tətbiq edilməsi aspektində önəm kəsb edir. Buraya ixrac əməliyyatlarının maliyyələşdirilməsini və real sektora investisiya qoyuluşlarının sürətləndirilməsini də əlavə edə bilərik. Özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində atılan mühüm addımları da unutmaq olmaz.

İqtisadiyyat və özəl sektor: səmərəli proqramlar, real islahatlar...

Bütün bunların reallaşmasında İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun təsis edilməsinin (dövlət başçısının 2018-ci il 31 iyul tarixli fərmanı ilə) ciddi rolu olduğunu qeyd etmək gərəkdir. Mütəxəssislər əmindirlər ki, Fondun yaradılması həm də sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsində mühüm əhəmiyyət daşıyır. Rəqəmlər bu fikri təsdiq edir. Belə ki, 2018-ci ildə Fondun xətti ilə 999 sahibkara 160,0 milyon manat məbləğində güzəştli şərtlərlə kreditlər ayrılıb. Bundan başqa, İpoteka və Kredit Zəmanəti Fondu ölkə bankları tərəfindən kreditləşdirilən 277,0 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib. Həmin Fond 17,0 milyon manat məbləğində kreditlərlə bağlı zəmanət dəstəyi göstərib.

Əlamətdardır ki, Prezident Azərbaycan sahibkarlarına xarici ölkələrə ixrac missiyalarını genişləndirmək sahəsində də ciddi dəstək verib. Bunun üçün artıq Belarus, Çin, Ukrayna, Latviya və Polşada Azərbaycan Ticarət evləri fəaliyyətə başlayıb. Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada da Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulur.

Ötən bir ildə sənaye potensialının inkişafı ilə bağlı əhəmiyyətli addımlar atılıb. Nəticədə, həmin sahədə göstəricilərin yüksək dinamikasına nail olunub. Bütövlükdə keçən müddətdə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz artıb. Bu bağlılıqda investisiya təşviqi proqramının həyata keçirilməsi maraq kəsb edir. Həmin çərçivədə həyata keçirilən layihələrin dəyəri artıq 2,8 milyard manatdır. Etiraf etmək lazımdır ki, bu, kifayət qədər yüksək rəqəm olmaqla hətta bir sıra ölkələrin dövlət büdcəsindən belə çoxdur.

Sirr deyil ki, Prezident İlham Əliyev həmişə regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirib. Bu istiqamətdə həyata keçirilən dövlət proqramları qeyri-neft sektorunun inkişafına və regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə böyük yardım göstərir. O cümlədən sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması və investisiya qoyuluşunun artması prosesi gedir. Regionlarda yeni müəssisələrin, iş yerlərinin açılması və əhalinin məşğulluğunun artırılması üçün çox əlverişli şərait yaranır. Bunun nəticəsində bütövlükdə yoxsulluq səviyyəsi sürətlə azalır.

Məsələn, son bir ildə regionların III sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə əhəmiyyətli infrastruktur layihələri icra edilib. Bunlarla yanaşı, regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı İlham Əliyevin 2019-cu il 29 yanvar tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilib. Yalnız 2018-ci ildə Prezident ölkənin bölgələrinə 24 səfər edib.

Nəhayət, regionlarla bağlı vəziyyətdə aqrar sahə ayrıca vurğulanmalıdır. 2018-ci ildə kənd təsərrüfatı sahəsində çalışanlara 370,0 milyon manat məbləğində subsidiya və güzəştlər verilib. Prezidentin birbaşa tapşırığı ilə pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük, çayçılıq, sitrus meyvəçiliyi, çəltikçilik və arıçılığın dirçəldilməsi, fındıq, badam, xurma, zeytun, nar bağlarının genişləndirilməsi naminə həyata keçirilən proqramlar öz müsbət nəticələrini verməkdədir. Bunlardan başqa, regionlarda "ASAN" xidmət mərkəzləri açılıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) yaradılıb.

Bütün bunlar Prezidentin daxili siyasətdə həyata keçirdiyi proqramların yalnız bir qismidir. Onu vurğulayaq ki, xarici sosioloji araşdırma mərkəzləri də dövlət başçısının fəaliyyətinə böyük maraq göstərirlər. Məsələn, Fransanın "Opinion Way" şirkəti 2019-cu ilin mart ayında Azərbaycanda rəy sorğusu keçirib. Verilən suallardan biri belə olub: "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları necə qiymətləndirirsiniz?". Sorğuda iştirak edənlərin 90,5 faizi bu suala müsbət cavab verib. Ümumilikdə respondentlərin 85,1 faizi Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri müsbət qiymətləndirdiyini bildirib.

Xarici siyasət: fitri diplomatiya nəzakətinə və diplomatiklik istedadına malik Prezident

Aparılan sosioloji araşdırma cəmiyyətin xarici siyasətdə atılan addımları da tam dəstəklədiyini nümayiş etdirib. Bu sırada Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması ayrıca vurğulanmalıdır. Bu sənədin imzalanmasında Azərbaycanın tutduğu ədalətli və obyektiv mövqe böyük rol oynayıb. Prezident İlham Əliyev bununla bağlı ifadə edib: "Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur".

Əlbəttə, son bir ildə xarici siyasətin bütün prioritet istiqamətlərində uğurlu addımlar atılıb. Bütövlükdə milli maraqlara söykənən xarici siyasət kursu davam etdirilib. Müxtəlif formatlar çərçivəsində aparılan danışıqlar nəticəsində ölkəmizin dünya birliyində nüfuzu daha da artıb. Həmin danışıqlar dünyanın bir çox dövlətləri ilə həyata keçirilib. Bundan başqa, beynəlxalq tədbirlər çərçivəsində mühüm müzakirələr həyata keçirilib. Xarici ölkələrə edilən səfərlər bu aspektdə ciddi rol oynayıb. Prezident İlham Əliyev 2018-ci ildə xarici ölkələrə 16 səfər edib. Eyni zamanda, xarici ölkələrin 16 dövlət və hökumət başçısı həmin il Azərbaycana səfərə gəlib.

Dövlət başçısı İlham Əliyevin reallaşdırdığı uğurlu xarici siyasət Azərbaycanın dünya dövlətləri və beynəlxalq güc mərkəzləri ilə səmərəli, işgüzar və bərabərhüquqlu münasibətlərini daha da möhkəmləndirməyə xidmət edib. Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açan tərəfdaşlıq sazişinin imzalanması üzərində iş gedir. Sənədin bu il imzalanacağı gözlənilir.

Qeyd etmək lazımdır ki, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın prioritetlərinə dair 2018-ci il iyulun 11-də sənəd imzalanıb. Həmin sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər də yer alıb. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunub. Bundan başqa, NATO-nun Brüssel zirvə görüşündə qəbul edilən yekun bəyannamədə də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.

Təbii ki, son bir ildə Prezident İlham Əliyev xarici siyasətdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə xüsusi diqqət yetirib. Aktiv diplomatik fəaliyyət nəticəsində Ermənistanın yeni rəhbərliyinin danışıqların formatını dəyişdirmək cəhdlərinin qarşısı alınıb. Vyanada baş tutan müzakirələrdə bu fakt öz təsdiqini tapıb. Azərbaycan Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirakına imkan verməyib.

Xarici siyasətin uğurlarından biri də 2018-ci ildə Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində konfransın keçirilməsidir. 2019-cu ildə isə Azərbaycanda Qoşulmama Hərəkatının zirvə görüşü keçiriləcək. Əlbəttə, bu hadisə Azərbaycanın nüfuzunun daha da artmasına xidmət edəcək.

Dövlət başçısının son bir ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması və Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətlərində həyata keçirdiyi proqramları xüsusi qeyd etmək gərəkdir. Azərbaycan Ordusu bu addımların sayəsində daha güclü olub. Onun döyüş imkanları xeyli artıb. Bunu artıq dünyanın böyük dövlətlərinin liderləri belə etiraf edirlər. Ermənistanın Azərbaycana bu sahədə mane olmaq cəhdləri puç olub. Azərbaycan Ordunu ən müasir silahlarla təmin etmək prosesini bütün sürəti ilə davam etdirir. Bu baxımdan 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisinin düşməndən azad edilməsi əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri 2018-ci ildə dünyada ən güclü 50 ordu sırasında yer tutur.

Ölkə rəhbərinin son bir il ərzində həyata keçirdiyi siyasətə xarici ekspertlər də yüksək qiymət verirlər. Məsələn, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, politoloq Sergey Markov vurğulayıb ki, son bir ildə Azərbaycanın xarici siyasətində çoxvektorluluq davam edib. Politoloq ifadə edib: "Azərbaycanın bütün qonşuları ilə – Rusiya, Türkiyə və İranla, habelə iri geosiyasi subyektlərlə – Avropa İttifaqı, ABŞ və Çin ilə çox gözəl münasibətləri var. Avropa İttifaqı ilə "Tərəfdaşlığın prioritetləri haqqında Saziş" imzalanıb. Xəzər dənizinin hüquqi statusuna dair imzalanmış Konvensiya Azərbaycan rəhbərliyinin bu məsələyə yanaşmasını əks etdirir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu yanaşmalar Rusiyanın yanaşmalarına əsla zidd deyil və çox cəhətdən, üst-üstə düşür. Bu, Xəzərdə fəallığın inkişaf etdirilməsi üçün, Xəzər regionunun siyasi mübarizə meydanına çevrilməməsi üçün möhkəm hüquqi təməl yaradır".

Rusiyalı ekspert sözlərinə davam edərək bildirib ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin iştirakçılarından biridir. Bundan əlavə, TANAP – Transanadolu qaz kəməri və Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsində Azərbaycanın oynadığı həlledici rolu heç kəs inkar edə bilməz.

S.Markov xüsusi olaraq onu da qeyd edib ki, Azərbaycan regionda dinlərarası münaqişələrdən yan keçməyə nail olub. Bunun səbəbini isə o, belə izah edib: "Bu, Prezident İlham Əliyevin böyük diplomatikliyə malik olmasının ifadəsidir... Bundan əlavə, o, fitri diplomatiya nəzakətinə və diplomatiklik istedadına malikdir... Azərbaycan həm bu mürəkkəb regionda öz mövcudluğunu yumşaltmağa, həm münaqişələrə qoşulmamağa, həm də danışıqlar prosesinə kömək etməyə nail olur". Fikirlərinin təsdiqi kimi, rusiyalı ekspert Rusiya və ABŞ-ın hərbi rəhbərlərinin Bakıda apardıqları müzakirələri də göstərir.

S.Markovun fikrincə, Azərbaycanda böyük beynəlxalq forumların, o cümlədən Bakı Humanitar Forumunun keçirilməsi mühüm faktdır, Azərbaycan bu forumlarda əməkdaşlıq və multikulturalizm ideyalarını təbliğ edir. S.Markov vurğulayıb: "İdentikliklərin qarşı-qarşıya gəldiyi müasir dünyada bu çox vacibdir. Multikulturalizm Azərbaycanın ictimai-dövlət ideologiyasıdır. Bu fakt ölkə daxilində də təzahür edir, burada müxtəlif etnik və dini qruplar arasında vətəndaş həmrəyliyi və dialoq fəal inkişaf edir. Bu multikulturalizm ideologiyasının xarici siyasətdə də tətbiq edilməsi sayəsində Azərbaycan bir-biri ilə münaqişə vəziyyətində olan ölkələr arasında dialoqa kömək edə bilir".

Beləliklə, Azərbaycan Prezidentinin son bir ildə göstərdiyi fəaliyyət xalqın doğru seçim etdiyini tam təsdiqləyir. Konkret faktlar sübut edir ki, Azərbaycan bütün istiqamətlərdə ciddi nailiyyətlər əldə edib. Ən əsası isə odur ki, xalq öz rəhbərinə inanır, onun siyasətini dəstəkləyir və bundan sonra da belə olacaq!

Newtimes.az

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: