Türkiyə və Şimali Kiprdən olan parlamentarilər Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər - FOTOLAR
Ölkəmizdə səfərdə olan Türkiyə və Şimali Kipr parlamentlərinin Azərbaycanla dostluq qruplarının üzvləri aprelin 10-da Fəxri xiyabanı ziyarət ediblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül və əklil qoyulub.
Səfər çərçivəsində nümayəndə heyətləri Bakıda Zəfər parkını da ziyarət edərək abidə önünə əklil qoyublar. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.
Sonra nümayəndə heyətləri 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub.