Azərbaycan və Əlcəzair arasında əlaqələrin daha da inkişafı üçün əlverişli imkanlar mövcuddur

A- A A+

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, görüşdə dost ölkələrimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan və Əlcəzair arasında əlaqələri daha da inkişaf etdirmək üçün əlverişli imkanlar mövcuddur. Tərəflər siyasi dialoqun mövcud səviyyəsindən məmnunluqlarını bildirərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiklərini qeyd ediblər.

Söhbət zamanı parlamentlərarası əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini təşkil etdiyi vurğulanıb. Parlament sədrləri səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin, həm də deputatlar arasında mütəmadi dialoqun bu münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyi bildirilib. O cümlədən dostluq qruplarının fəaliyyətinin bu əlaqələrin daha da dərinləşdirilməsinə dəstək verdiyi vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, parlamentlərimiz beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər. Eyni zamanda, bu təşkilatlarda qanunverici orqanlarımız arasında qarşılıqlı dəstək mövcuddur. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan və Milli Məclisin sədrliyi ilə institusional inkişaf və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə edən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əlaqələrin daha da inkişafı barədə fikirlər səsləndirilib. Qeyd olunub ki, Parlament Şəbəkəsi həm bir sıra mühüm beynəlxalq məsələlərin müzakirəsi, həm də parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm platformaya çevrilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: