Günümüzün reallıqları fonunda Azərbaycanın artan qlobal rolu - FOTOLAR
5-ci Antalya Diplomatiya Forumu qlobal miqyasda qeyri-müəyyənliklərin artdığı, ənənəvi təhlükəsizlik arxitekturasının transformasiyaya uğradığı bir dövrdə Azərbaycanın xarici siyasət strategiyasının effektivliyini və ölkəmizin beynəlxalq nüfuzunu bir daha təsdiqlədi. 150-dən çox ölkədən 500-dən çox yüksəksəviyyəli şəxsin, o cümlədən 22 dövlət və hökumət başçısının iştirakı ilə keçirilən bu tədbir, Azərbaycanın xarici siyasət prioritetlərini qlobal müstəviyə çıxarmaq və regional sabitlikdəki rolunu vurğulamaq üçün əhəmiyyətli imkanlar yaradıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın forumda iştirakı, Azərbaycanın regional proseslərin mərkəzində dayandığını və Türkiyə ilə strateji müttəfiqliyinin qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm amil olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin forumda iştirakı, burada keçirilən ikitərəfli görüşlər və tədbirin əsas gündəliyindəki məsələlər Azərbaycanın regional liderdən qlobal aktor səviyyəsinə yüksəlişini nümayiş etdirir. Bu forum, həmçinin Azərbaycanın sülh təşəbbüslərinin, enerji diplomatiyasının və Türk dünyasının inteqrasiyasındakı strateji rolunun daha geniş coğrafiyaya yayılması üçün mühüm bir platforma oldu.
Forumun açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin Türkiyə ilə koordinasiyalı şəkildə aparılması və Orta Dəhliz təşəbbüsünə güclü dəstək verilməsi, regionun gələcəyinin məhz bu üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatları üzərində qurulduğunu təsdiqləyir. Zəngəzur dəhlizinin reallaşması istiqamətində görülən işlər də məhz bu böyük mənzərənin – Asiya ilə Avropa arasında strateji körpünün yaradılmasının vacib elementidir. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı sədrlik missiyası və bu qurumun beynəlxalq nüfuzunun artırılması istiqamətindəki fəaliyyəti, forumun əsas müzakirə mövzularından olub. XIII Türk Dünyası Zirvəsinə hazırlıq və sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi prosesi, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasında və Türk dünyasının kollektiv güc mərkəzinə çevrilməsində Azərbaycanın lokomotiv rolunu daha da gücləndirir.
Forum çərçivəsində aparılan ikitərəfli görüşlər, Azərbaycan diplomatiyasının coğrafiyasının nə qədər geniş olduğunu və ölkənin qlobal siyasətdə etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüş, Azərbaycanın post-münaqişə dövründəki təcrübəsini bölüşməsi və regional enerji təhlükəsizliyində rolunu genişləndirməsi baxımından önəmlidir. Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılması layihəsi, enerjinin yalnız iqtisadi deyil, həm də siyasi sabitləşdirici və inkişafı stimullaşdırıcı bir vasitə olduğunun əsas göstəricisidir. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüş və bu ölkənin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun dəstəklənməsi, Azərbaycanın Türk dünyasının birliyinə verdiyi strateji dəstəyin və siyasi prinsipiallığının əyani isbatıdır. Azərbaycanın iqtisadi və enerji diplomatiyasının gücü Moldova Prezidenti Maya Sandu ilə görüşdə də öz əksini tapıb. Moldovanın enerji təhlükəsizliyində Azərbaycanın dəstəyi iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdiyini və Azərbaycanın enerji resurslarının Avropanın enerji təhlükəsizliyi arxitekturasında əvəzsiz yerini vurğulayır. Eyni zamanda, Pakistanın Baş naziri və Türkiyə Prezidenti ilə təmaslar, Azərbaycanın regional müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə və qlobal çağırışlara qarşı kollektiv yanaşmaların koordinasiyasına xidmət edir.
“Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusu, Azərbaycanın müharibədən sonrakı dövrdə reallıqları düzgün qiymətləndirərək özünün milli maraqlarını qlobal təhlükəsizlik konsepsiyaları ilə uzlaşdıran çevik diplomatiya modelinin aktuallığını sübut edir. Göründüyü kimi Azərbaycanın balanslı və sülhpərvər xarici siyasəti, regiondakı gərginlikləri aradan qaldırmaq, enerji təhlükəsizliyini təmin etmək və çoxtərəfli əməkdaşlıq formatlarını inkişaf etdirmək üçün ən effektiv vasitədir. Antalya Diplomatiya Forumu bir daha sübut etdi ki, Azərbaycan gələcəyin planlaşdırılmasında və qeyri-müəyyənliklərin idarə olunmasında söz sahibi olan, regional dinamikanı müsbət mənada diktə edən qlobal gücə çevrilməkdədir. Beləliklə, 5-ci Antalya Diplomatiya Forumu Azərbaycanın regional sabitliyin təminatçısı, enerji sahəsində etibarlı tərəfdaş və Türk dünyasının inteqrasiyasında aparıcı qüvvə kimi mövqeyini daha da möhkəmləndirib.
Nəriman Nəcəfov