XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşünə dair məlumat yayıb
Aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak ediblər.
NUHÇIXAN xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşünə dair məlumat yayıb.
Məlumatda qeyd edilir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, cari il martın 29-da Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Vyanada baş tutmuş görüşünün nəticələri diqqətə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib.
Görüşdə, həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər. Görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar.
Görüş nəticəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in həmsədrlərinin birgə bəyanatı qəbul edilib.