Parlamentdə Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
NUHÇIXAN xəbər verir ki, bu məsələ parlamentin aprelin 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qeyd olunub ki, ölkə başçısının 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 8.2.2.-ci yarımbəndində narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılması məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub. Sözügedən yarımbəndin icrası çərçivəsində Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi məqsədilə qanun layihəsi hazırlanıb.
Layihədə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçinin dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibb yoxlama) haqqında rəy təqdim etməsi, işçilərin əmək funksiyasını yerinə yetirməsi zamanı əsaslı şübhələr yarandığı halda işəgötürənin hesabına müvafiq dövri və ya növbədənkənar icbari tibbi müayinədən keçirilməsi məsələlərinin tənzimlənməsi öz əksini tapıb.
Habelə dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 74-cü maddəsində qeyd olunan peşə və vəzifələr üzrə narkoloji xəstə olan şəxsin işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə tibbi müayinə zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə, tərəflərin iradəsindən asılı olmayan əsas kimi işçinin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.
