Türkiyə KİV-ləri: Ermənistan işğal altındakı torpaqlardan narkotik üçün istifadə edir - FOTOLAR
Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
NUHÇIXAN xəbər verir ki, Türkiyə KİV-ləri konfrans haqqında ətraflı məlumat verib, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun tədbirin açılışındakı çıxışından fikirləri diqqətə çatdırıb.
Məlumatlar “Azərbaycanın Baş naziri Novruz Məmmədov: Ermənistan işğal altındakı torpaqlardan narkotik üçün istifadə edir”, “Azərbaycan Ermənistanın kirli üzünü ortaya çıxardı” və s. sərlövhələrlə təqdim olunub.
Ölkənin aparıcı televiziya kanalları və qəzetlərinin internet saytlarında (www.cnnturk.com, www.ntv.com.tr, www.star.com.tr, www.aksam.com.tr, www.yeniakit.com.tr və s.) yer alan məlumatlarda türkdilli oxucuların diqqətinə çatdırılır ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayon artıq 25 ildən çoxdur Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılır. İşğal altındakı həmin ərazilərdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradır.