Müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqların qurulmasında Avropa liderlərinin strateji seçimi sülhə töhfə verən Azərbaycandır.
Çexiyanın baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı hərbi təyinatlı məhsulların birgə istehsalı məsələsinə toxunulması Azərbaycanla Çexiya arasında hərbi-texniki əməkdaşlığın yeni mərhələyə keçdiyindən xəbər verir. Belə ki, NATO standartlarının sovet platformalarına modernizasiya sahəsində peşəkarlaşan Çexiya müdafiə sənayesi əsasən artilleriya sistemləri, zirehli texnika və sursat istehsalında ixtisaslaşıb. NATO üzvü olan Çexiya ilə birgə istehsal layihələri Azərbaycanın əsasən də artilleriya sistemləri sahəsində xarici idxaldan asılılığını azalda bilər.
Aprelin 27-də Qəbələdə Prezident İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babişlə birgə mətbuata bəyanatlarla çıxış edən zaman bildirib ki, “Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.
Çex Respublikasının Baş naziri Andrey Babişin də bəyanatında uzun illərdir davam edən hərbi sənaye sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub. Çex baş nazir həm də modernizə edilmiş təlim təyyarələrinin Azərbaycan Ordusunda tətbiqinin perspektivindən danışıb. - “Aero Vodoxodı” şirkəti köhnəlmiş “L-39” təyyarələrinə de-fakto xidmət göstərir və təmir edir. Əlbəttə, biz yeni “L-39NG” təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq. “Kolt” şirkəti, sözün əsl mənasında, mühüm beynəlxalq şirkətdir və o, bütün dünyaya əla məhsullarını təchiz edir və şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır”.
Çexiyanın Azərbaycan təklif etdiyi “Aero L39NG” hərbi turbofan təlim təyyarəsi soyuq müharibə dövrünün əfsanəvi modeli olan “L-39 Albatros”un varisidir. Hərbi ekspertlər bildirirlər ki, “L39NG” mükəmməl kiçik təlim təyyarəsidir və döyüşlərə qatılmazdan əvvəl onunla uçmağı öyrənmək daha asandır.
Bir məqama da toxunmaq yerinə düşər ki, Çexiya Baş nazirinin ölkəmizə səfərindən əvvəl Litvanın Baş naziri İnqa Ruqinienen, Latviya Prezidenti Edqars Rinkeviçs və Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəmizdə səfərdə olublar. Bu səfərlər həm də Avropa ölkələrinin Azərbaycana artan marağı ilə yanaşı müdafiə sənayesi sahəsində müasir dövrün çağırışlarına və müharibə strategiyalarına uyğun hərbi istehsalın qurulmasına töhfədir. Deməli, Avropa ölkələri Azərbaycanı həm enerji təhlükəsizliyi, həm də müdafiə sənayesi sahəsində etibarlı və innovativ tərəfdaş kimi görür. Artıq Azərbaycan Avropa ilə əlaqələrini siyasi müstəvidən konkret hərbi-texnoloji tərəfdaşlıq mərhələsinə keçirir.
Prezident İlham Əliyev aprelin 9-da Litva Respublikasının Baş naziri İnqa Ruqinieneni qəbul edən zaman regionda sülhün və Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin qurulmasının təşəbbüskarının məhz ölkəmiz olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin aprelin 22-də Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı səsləndirdiyi fikirlər də müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivlərindən xəbər verir. “Müzakirə etdiyimiz və bəlkə də potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir. Biz hər iki ölkənin bu sahədə imkanlarını fəal şəkildə inkişaf etdirdiyini öyrəndik. Bizə gəldikdə isə biz müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərimizin, - söhbət özəl və dövlət şirkətlərindən gedir, - məhsullarını böyük sayda ölkələrə artıq ixrac edirik. Beləliklə birgə istehsal sahəsində əməkdaşlıq, işbirliyinin yaradılması bizim nəzərdən keçirə biləcəyimiz məsələlər ola bilər. Bir çox digər məsələlər də var”.
Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuata bəyanatlarla çıxışlarında da diqqət çəkən əsas məqamlardan biri də müdafiə sənayesinin inkişaf etdirilməsi, döyüş təcrübəsi olan hər iki ölkənin bu imkanları hərbi sənaye sahəsində tətbiqi oldu. Azərbaycan Prezidenti bildirdi ki, “Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik”.
Ukrayna Prezidenti Volodimir Zelenski də çıxışında bu məsələyə toxundu. “Əlbəttə ki, müharibə başladıqdan sonra bu, mənim Azərbaycana ilk səfərimdir və mən buraya nümayəndə heyətimlə gəlmişəm. Sizə təşəkkür edirəm. Bu gün 6 sənəd imzaladıq. Heyətlərimiz birmənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq”.
Bir sözlə, aprel ayı ərzində Avropa liderlərinin ardıcıl səfərləri Azərbaycanın regiondakı strateji çəkisinin artdığını göstərir. Bu əməkdaşlıqlar sadəcə silah alışı deyil, müasir müharibə tələblərinə uyğun birgə hərbi istehsalın qurulmasına hədəflənib. Həm də Azərbaycanın Avropa ölkələri ilə hərbi sənaye əməkdaşlığı regionda formalaşmaqda olan sülhə töhfədir. Çünki, Azərbaycanın hərbi sənayesinin gücləndirilməsi regionda davamlı sülhün qorunmasına və çəkindirici gücün yaradılmasına xidmət edir. Məhz buna görə də Azərbaycan Avropanın qabaqcıl şirkətləri ilə müasir hərbi texnika və texnologiyaların alınması və birgə istehsalı üzrə fəal tərəfdaşlığa önəm verir.
Nəriman Nəcəfov
