Azərbaycan sülh diplomatiyasının mərkəzi ola bilər

A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri regionda və beynəlxalq siyasətdə mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Rusiya-Ukrayna müharibəsinin mümkün diplomatik həll yollarının müzakirəsi kontekstində də diqqət mərkəzindədir.

Azərbaycan,  Prezident İlham Əliyevin rəhbərliyi ilə balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdən, həm Rusiya, həm də Ukrayna ilə əlaqələri qoruyub saxlayan nadir ölkələrdəndir.

Rusiya-Ukrayna müharibəsi artıq uzun müddətdir davam edir və həm regional, həm də qlobal təhlükəsizliyə ciddi təsir göstərir və bu arxitekturanı dərindən sarsıdan bir böhrandır. Belə bir şəraitdə üçüncü tərəflərin vasitəçilik təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın müharibədən uzaq, lakin hər iki tərəflə dialoq imkanlarına malik olması onu sülh təşəbbüsləri üçün uyğun məkanlardan birinə çevirir. Yerləşdiyi geosiyasi məkan və yürütdüyü tarazlaşdırılmış diplomatik xətt onu regionda etibarlı vasitəçi kimi ön plana çıxarır. Bu kontekstdə Azərbaycan–Ukrayna münasibətləri və xüsusilə Rusiya–Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək məsələsi aktuallıq qazanır və real potensiala əsaslanan strateji yanaşmadır.

Azərbaycanın “sülhün diplomatik paytaxtı” kimi çıxış etməsi ideyasını daha da gücləndirən mühüm məqamlardan biri də onun potensial təhlükəsizlik təminatçısı roludur. Bu yanaşma xüsusilə Rusiya–Ukrayna münaqişəsinin gələcək nizamlanması kontekstində diqqətəlayiqdir.

Reallıq ondan ibarətdir ki, hər hansı sülh sazişinin dayanıqlı olması üçün tərəflər yalnız siyasi razılaşma ilə kifayətlənmir, eyni zamanda təhlükəsizlik zəmanətlərinə ehtiyac duyurlar. Bu baxımdan Azərbaycan müəyyən mənada “yumşaq təhlükəsizlik qarantı” rolunu oynaya bilər. Burada söhbət klassik hərbi təminatlardan deyil, daha çox diplomatik, institusional və çoxtərəfli mexanizmlərdən gedir və bu sahədə təklif edə biləcəyi model bir neçə istiqaməti əhatə edə bilər. İlk növbədə, Bakı platforması çərçivəsində imzalanacaq mümkün razılaşmaların icrasına nəzarət üçün beynəlxalq müşahidə mexanizmlərinin yaradılmasına ev sahibliyi etmək mümkündür. Azərbaycan bu prosesdə neytral koordinasiya mərkəzi rolunu oynayaraq tərəflər arasında kommunikasiya kanallarının açıq qalmasını təmin edə bilər. Digər tərəfdən həyata keçirdiyi balanslı xarici əlaqələr siyasəti ona həm Rusiya, həm də Ukrayna ilə paralel etimad münasibətlərini qorumağa imkan verir. Bu isə təhlükəsizlik zəmanətinin əsas sütunlarından biri olan etibarlılıq faktorunu gücləndirir.

Bununla yanaşı, enerji və nəqliyyat sahəsində əməkdaşlıq layihələri də dolayısı ilə təhlükəsizlik zəmanəti funksiyasını yerinə yetirə bilər və qarşılıqlı iqtisadi maraqların formalaşması münaqişənin yenidən alovlanma riskini azaldar.

Eyni zamanda, humanitar diplomatiya çərçivəsində etimad quruculuğu tədbirləri, əsir mübadiləsi, bərpa layihələri, mədəni əməkdaşlıq proqramları  Azərbaycanın vasitəçiliyi ilə həyata keçirilə bilər. Bu kimi addımlar tərəflər arasında psixoloji baryerlərin aradan qaldırılmasına və uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir.

Ukrayna Prezidentinin Azərbaycana səfəri birbaşa sülh sazişinə gətirib çıxarmasa belə, diplomatik dialoqun genişlənməsi və tərəflər arasında etimad mühitinin formalaşması baxımından əhəmiyyətli addım sayıla bilər. Bu cür görüşlər gələcəkdə münaqişənin siyasi yolla həllinə zəmin yaradır.

Azərbaycan son illərdə beynəlxalq münasibətlər sistemində praqmatik və çoxvektorlu siyasət yürüdərək həm Qərb, həm də Şərq ölkələri ilə konstruktiv əlaqələr qurmağı bacarıb. Bu balanslı mövqe ona müxtəlif tərəflər arasında etimad mühiti formalaşdırmaq imkanı verir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və humanitar təşəbbüslər sahəsində qazandığı təcrübə Azərbaycanın diplomatik platforma kimi cəlbediciliyini artırır və həm regional sabitliyə, həm də qlobal təhlükəsizliyə mühüm töhfə verir.

Mövcud reallıqlar göstərir ki, Azərbaycan bu missiyanı üzərinə götürmək üçün həm siyasi iradəyə, həm də praktik imkanlara malikdir.

 

Əlövsət HÜSEYNQULİYEV                                                   

AŞPA-nın üzvü statusuna malik Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: