Bakı-Praqa münasibətləri: iqtisadi maraqlar və siyasi etimadın ən uğurlu vəhdəti - FOTOLAR
Aprel ayının son günlərində ölkəmiz özünün müstəqillik dövründəki dövlətlərarası əlaqələrinin ən dinamik həftələrindən birini yaşadı. Belə ki, əvvəlcə Latviya Prezidenti Edqars Rinkeviçs (22-23 aprel), ardınca Ukrayna Prezidenti Volodimir Zelenski (25 aprel) və Çex Respublikasının Baş naziri Andrey Babiş (27-28 aprel) Azərbaycana səfər etdilər. Səfərlər zamanı qonaq ölkə rəsmilərinin ölkəmiz haqqında səsləndirdiyi fikirlər bir tərəfdən Azərbaycanın etibarlı, ciddi və ardıcıl tərəfdaş ölkə kimi beynəlxalq icmada böyük nüfuza sahib olduğunu, digər tərəfdən isə müasir mürəkkəb və gərgin tarixi-siyasi mərhələdə ölkəmizin beynəlxalq nüfuzunun artdığını aydın göstərdi.
Xüsusilə, 2004-cü ildən Avropa İttifaqının üzvü olan Çex Respublikasının Baş naziri Andrey Babişin Aİ üzvü olmayan ilk ölkə kimi Azərbaycana rəsmi etdiyini xüsusi vurğulaması, iki ölkə liderləri arasında aparılan danışıqlar və Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes forumu ölkəmizin yalnız çex dövləti üçün deyil, bütövlükdə Avropa məkanı üçün əhəmiyyətinin artıdığına dəlalət etdi. Nəzərə alsaq ki, yüksək gəlirli Çex iqtisadiyyatı Mərkəzi və Şərqi Avropanın ən stabil, sənayeləşmiş və inkişaf etmiş iqtisadiyyatlarından biridir və Aİ daxili bazarının ayrılmaz hissəsidir, o zaman Azərbaycanın “qoca qitə” ölkələri üçün unikal strateji partnyora çevrildiyi şübhəsizdir.
İqtisadiyyatı əsasən ixracyönümlü olan (ixracın ÜDM-də payı 70 faizdən çoxdur) Çex Respublikası ÜDM-in həcminə görə Avropanın lider ölkələrindən, o dünyanın 10 ən yüksək sənayeləşmə səviyyəsinə malik ölkələrindən biridir. “Avropanın mühərriki” sayılan Almaniya iqtisadiyyatı ilə sıx inteqrasiya olunan sənayenin aparıcı sahələri avtomobil, maşınqayırma və elektronika sahələridir. Çexiya uzun illərdir ki, Avropa İttifaqında ən aşağı işsizlik səviyyəsinə (təxminən 2,6 faiz) malik ölkə statusunu qoruyub saxlayır. Ölkə Aİ üzvü olsa da, hələ ki, Avrozonaya daxil olmayıb və öz milli valyutasını (Çex kronunu) saxlayır. Buna görə də, son illərdə qlobal enerji böhranı fonunda inflyasiya artsa da, 2025-2026-cı illər üçün hədəf diapazonuna (2 faiz) nail olacağı gözlənilir. Digər Avropa ölkələri ilə müqayisədə Çexiyanın dövlət borcu kifayət qədər aşağı (ÜDM-in təxminən 43-45 faizi civarında) hesab olunur. Bu, ölkənin maliyyə dayanıqlığını təmin edir və ona yüksək beynəlxalq kredit reytinqləri qazandırır. Əlverişli coğrafi mövqe, yüksək ixtisaslı işçi qüvvəsi, güclü sənaye ənənələri, stabil makroiqtisadi mühiti və aşağı borc yükü Çexiyanı xarici investorlar üçün cəlbedici ölkə kimi xarakterizə edir.
Azərbaycan və Çexiya arasındakı münasibətlər, xüsusilə son onillikdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, qarşılıqlı iqtisadi maraqlar və enerji təhlükəsizliyi üzərində möhkəmlənmişdir. Çexiya Azərbaycanın Aİ-dəki ən yaxın və etibarlı tərəfdaşlarından biri hesab olunur. Eyni zamanda, Azərbaycan Çexiyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. 2015-ci ilin sentyabrında Bakıda imzalanmış “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” və son rəsmi səfərədək imzalanmış daha 30 sənəd iki ölkə arasındakı əlaqələrin müqavilə-hüquqi təməlini təşkil edir.
Uzun müddət Aİ qurumları tərəfindən ikili standartlarla üzləşən ölkəmizin bu acı təcrübə ilə mübarizəsi fonunda qeyd etmək vacibdir ki, Çexiya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl olaraq dəstəkləyən Aİ ölkələrindən biridir. Belə ki, Çexiya Parlamenti Xarici İşlər Komitəsinin 2013-cü ildə qəbul etdiyi qərarla Xocalı faciəsini rəsmən pisləyən və soyqırımı kimi tanıyan ilk və azsaylı Avropa ölkələrindən biri kimi Çex Respublikası öz tərəfindən Azərbaycanla dövlətlərarası münasibətlərin müsbət dinamikasına dostluq töhfəsini vermişdir.
İqtisadi-ticari münasibətlərə gəldikdə, Çexiya üçün Azərbaycan sadəcə bir tərəfdaş deyil, həm də kritik enerji mənbəyidir. Aprelin 27-də Qəbələdə Çex dövlətinin Baş naziri ilə mətbuata bəyanatı zamanı Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, “…ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir”. Başqa sözlə, “…əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur”. Baş nazir Andrey Babiş də bu faktı etiraf edərək, Azərbaycanın ölkəsinin ən iri və fasiləsiz neft təchizatçısı kimi, bu ölkəyə idxal olunan neftin 42 faizlik həcmini təmin etdiyini bildirdi. Azərbaycanın dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələrdən biri olduğunu nəzərə alsaq, o zaman bu, Çexiyanın enerji asılılığını şaxələndirməsi üçün həyati əhəmiyyət kəsb edir.
Bundan başqa, ölkəmizin qaz ixrac etdiyi 16 ölkədən 10-nun Aİ üzvü, onlardan bəzilərinin Çexiya ilə qonşu dövlətlər olması, eləcə də Azərbaycanın qaz ehtiyatlarının zənginliyi faktından çıxış edən çex lideri ölkəmizdən təbii qaz idxalında maraqlı olduqlarının ifadəsi kimi səhmlərinin yarısı dövlətə məxsus olan ən iri qazpaylayıcı şirkətlərdən biri olan ÇES şirkəti ilə Azərbaycan arasında qaz təchizatına dair müqavilənin imzlanmasında maraqlı olduqlarını gizlətmədi. Prezident İlham Əliyev də öz bəyanatında qaz təchizatı ilə bağlı məsələyə ayrıca toxundu və qeyd etdi ki, “…biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq”. Beləliklə, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya, o cümlədən gələcəkdə Mərkəzi Avropaya (Çexiya daxil olmaqla) daha geniş həcmdə çatdırılması gündəmdə olan əsas məsələlərdəndir.
Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdiyi ərəfədə qonşu dövlətlə cəlb olunduğu uzunmüddətli münaqişə ölkəmizi fasiləsiz şəkildə özünün hərbi qüdrətini artırmaqla məşğul olmağa vadar etmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük lokal antiterror əməliyyatı ilə Azərbaycan 30 illik münaqişəni və ərazi bütövlüyü problemini tamamilə həll etsə də, hazırkı beynəlxalq şərait, regional münasibətlərin heç də sabit qalacağına tam əminlik yaratmayan perspektivi müdafiə məsələlərini daim diqqətdə saxlamağı təlqin edir. Bu baxımdan ölkəmiz artıq uzun müddətdir ki, müdafiə sənayesi sahəsində yaxşı əməkdaşlıq əlaqələrinə malik olduğu Çexiya ilə bundan sonra da əməkdaşlığı davam etdirməkdə və birgə stehsalda maraqlı olduğunu yüksək səviyyədə ifadə etdi: “Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.
Prezident İlham Əliyev aprelin 28-də keçirilən Azərbaycan-Çexiya biznes forumunda bildirdi ki: “Ölkəmiz üçün prioritet sayılan sahələrdə Azərbaycana yatırıla biləcək potensial investisiyalara gəldikdə, birinci sahə, əlbəttə ki, sənayenin inkişafıdır və birgə istehsaldır. Biz nəqliyyat infrastrukturunun aparıcı istehsalçıları ilə Azərbaycanda birgə müəssisə yaratmaq məqsədilə Çexiyanın çox məşhur olan nəqliyyat sektorunu geniş müzakirə etdik”. Başqa sözlə, ölkəmizin yerləşdiyi geostrateji mövqedən irəli gələn tranzit ölkə statusu, hazırda fəaliyyətdə olan və yaxın perspektivdə həyata vəsiqə alacaq regional və qlobal nəqliyyat-kommunikasiya layihələri nəqliyyat sektorunu Azərbaycan üçün daim maraq doğuran sahə kimi diqqətdə saxlamağı diktə edir. Eyni zamanda, son 20 ildə öz iqtisadiyyatına 350 milyard ABŞ dolları həcmində sərmayə cəlb edə bilmiş Azərbaycan üçün artıq birtərəfli sərmayələrdən çox, birgə müəssisələrin yaradılması, müştərək istehsala əsaslanan iqtisadi münasibətlər prioritet təşkil edir. Buraya özünün çox müasir və etibarlı məhsulları ilə şöhrət tapmış Çexiya müdafiə sənayesi üzrə ixtisaslaşmış şirkətlərlə olan birgə layihələr də daxildir.
Baş nazir Andrey Babişin nümayəndə heyətində Çex Respublikasının iqtisadiyyatın ən müxtəlif sahələrini (dəmir yol və hava nəqliyyatı infrastrukturu və daşımalar, metro qatarları, avtomobil və maşınqayırma sənayesi, enerji (o cümlədən bərpa olunan enerji), müdafiə sənayesi, geologiya və mədən sənayesi, maliyyə, analitik texnologiyalar və laborator şəbəkə xidmətləri və s.) təmsil edən 50 qabaqcıl şirkətinin təmsil olunması iki strateji tərəfdaş olan ölkə arasında iqtisadi-ticari münasibətlərin tarixində kəmiyyət və keyfiyyət baxımından yeni yüksəliş mərhələsinin başlandığına əminlik ifadə etməyə əsas verir. Bundan başqa, çex liderin mədəniyyət, təhsil, sosial məsələlər, tədqiqat və araşdırma ilə bağlı investisiyalar təşəbbüsü və universitetlər arasında əməkdaşlıq təklifi ilə çıxış etməsi Çexiya ilə Azərbaycan arasında münasibətlərin həm də humanitar sahələri əhatə etməklə, xalqlar arasında mədəni inteqrasiya və dostluq münasibətlərinin də inkişaf etdirilməsinin önündə yeni üfüqlər acır. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək: “Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır”.
Beləliklə, uzun illərin sınağından uğurla çıxmış Azərbaycan-Çexiya münasibətləri qarşılıqlı etimada və praqmatizmə söykənir. Çexiya üçün Azərbaycan etibarlı enerji tədarükçüsü və investisiya bazarı, Azərbaycan üçün isə Çexiya Avropanın mərkəzində mühüm siyasi müttəfiq və müasir texnologiyalar mənbəyidir.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent