Milli Məclisin sədri: Avropa Parlamentinin qətnamələri ikili standartlara əsaslanır

A- A A+

Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasət dövlətimizi beynəlxalq birliyin nüfuzlu bir üzvünə çevirib. Biz xarici siyasətimizdə dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət, daxili işlərinə qarışmama prinsiplərini rəhbər tutur, beynəlxalq qurumlarla konstruktiv iş birliyini inkişaf etdiririk.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 1-də keçirilən plenar iclasında deyib.

O bildirib ki, bu baxımdan Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlıq mexanizmlərini həmişə konstruktiv dialoq platforması kimi nəzərdən keçirib. Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır, qitənin enerji təhlükəsizliyinə böyük töhfə verir. Strateji infrastruktur layihələrin reallaşdırılması, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi yolunda atılan addımlar, regional sabitliyin təmin edilməsində fəal iştirak ölkəmizin beynəlxalq münasibətlər sistemində məsuliyyətli və konstruktiv rol oynadığını təsdiq edir.

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin möhkəm təmələ əsaslandığını və zəngin potensiala malik olduğunu diqqətə çatdıran Milli Məclisin sədri təəssüflə qeyd edib: “Ölkəmizdə və regionumuzda baş verən proseslərə Avropa Parlamentinin yanaşmalarında mövcud olan problemlər böyük narazılıq və narahatlıq doğurub. Bu proses uzun illərdir ki, davam edir. Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr birtərəfli və qərəzli xarakter daşıyır, ikili standartlara əsaslanır. Bu sənədlər real vəziyyəti əks etdirmir və çox vaxt Azərbaycanın qanuni maraqlarının pozulmasına yönəlib. Görünən budur ki, Avropa Parlamentinin bu fəaliyyəti sistemli xarakter daşıyır. Avropa demokratiyasını təmsil etmək iddiasında olan bu qurumun Azərbaycana qarşı fəaliyyətlə məşğul olan lobbi qruplarının və müxtəlif maraq dairələrinin əlində alətə çevrilməsi təəssüf doğurur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: