Güclü strateji tərəfdaşlıq regional sabitliyin yeni modeli kimi inkişaf edir.
Azərbaycan və İtaliya arasındakı münasibətlər güclü strateji tərəfdaşlıq üzərində qurularaq dinamik şəkildə inkişaf edir və hər iki ölkənin liderləri bu əlaqələrin təməl prinsiplərini mütəmadi olaraq təsdiqləyirlər. Ötən il sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın ardından bu il mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə səfəri münasibətlərin uğurlu inkişafının və əsl strateji tərəfdaşlığın parlaq göstəricisidir. Tərəflər 2015-ci ildə imzalanmış sənədi və Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni əlaqələrin ən yüksək səviyyədə olmasının əsas sütunları kimi qiymətləndirirlər.
Azərbaycanın milli maraqlara və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan xarici siyasətində zəngin mədəniyyətə və dövlətçilik ənənələrinə sahib İtaliya ilə siyasi, iqtisadi, enerji, sənaye və humanitar sahələri əhatə edən əlaqələri xüsusi önəm kəsb edir. Son illərdə reallaşan qarşılıqlı səfərlər və imzalanmış çoxsaylı sənədlər bu dostluq münasibətlərini yeni bir mərhələyə yüksəldərək beynəlxalq aləm üçün nümunəvi bir modelə çevirib.
İqtisadi sahədə İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və energetika əməkdaşlığı isə əlaqələrin əsas hərəkətverici qüvvəsidir. Bütün bunların fonunda müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq da münasibətlərin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlər hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verir: “Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb”.
İtaliya ilə bağlanan müqavilələr Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazardakı mövqeyini gücləndirməklə yanaşı, milli istehsalçıların rəqabət qabiliyyətini və xarici tərəfdaşların Azərbaycan məhsullarına olan inamını artırır. Bu proses həm də İtaliyanın Azərbaycanın milli təhlükəsizlik arxitekturasında NATO standartlarına uyğun etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Ciorcia Meloninin də vurğuladığı kimi, İtaliyanın dəniz təhlükəsizliyi, silah istehsalı və kosmik sənaye sahəsindəki təcrübəsi Azərbaycanın hərbi kəşfiyyat və rabitə peyklərinin təkmilləşdirilməsi üçün geniş perspektivlər vəd edir. Beləliklə, hərbi sahədəki sıx koordinasiya siyasi müttəfiqliyi real güc amili ilə tamamlayaraq regional sabitliyə töhfə verir: “Həlledici digər sahə müdafiə və təhlükəsizlik sahəsidir. Bu sahədə, aerokosmik sənaye, dəniz təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, üstün texnologiyalar kimi sahələrdə İtaliyanın ən kamil nəticələrini dəyərləndirərək əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz elə bir model təklif edirik ki, sənaye sistemləri arasında əməkdaşlıq nəticəsində biliklərlə mübadilə, birgə inkişaf, regional sabitliyə töhfə verə biləcək gələcək perspektivli sahələr və nəhayət, sənaye sistemlərimizi birləşdirən amillər olsun”.
Bu əməkdaşlığın ən praktik nəticələrindən biri İtaliyanın “Leonardo” şirkətindən müasir hərbi nəqliyyat təyyarələrinin alınmasıdır. 2024-cü il iyunun 26-da Prezident İlham Əliyevə təqdim olunan “C-27J Spartan” tipli təyyarə mürəkkəb coğrafi relyefdə həm hərbi, həm də mülki müdafiə tapşırıqlarını, o cümlədən paraşütçülərin və yüklərin daşınmasını yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. 2025-ci il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda bu təyyarənin uçuşu Azərbaycanın hərbi hava gücünün modernləşməsinin rəmzinə çevrilib.
Həyata keçirilən uğurlu siyasi strategiya, davamlı islahatlar və atılan cəsarətli addımlar nəticəsində hərbi və enerji sahələrində əlaqələr daimi siyasi koordinasiya formatına keçib. Bu əməkdaşlıq Azərbaycan Ordusunun NATO standartlarına uyğun modernləşdirilməsi prosesinin tərkib hissəsidir. Göründüyü kimi bölgədə sülhün təşəbbüsakarı olan Azərbaycan nəinki yerləşdiyi coğrafi məkanın, hətta bütövlükdə Avrasiyanın real güc mərkəzlərindən birinə çevrilib.
Nəriman Nəcəfov
