Azərbaycan-İtaliya: Strateji və Mədəni Tərəfdaşlıq

A- A A+

Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü, Azərbaycan və İtaliya arasında mövcud olan dərin strateji tərəfdaşlığın yeni səhifəsini açdı. İtaliya Baş nazirinin Ermənistandan sonra Azərbaycana səfəri, iki ölkə arasındakı münasibətlərin dərin məzmununu və Azərbaycana göstərilən hörməti bir daha nümayiş etdirdi. Bu görüş, iqtisadiyyatdan təhsilə, hərbi-texniki əməkdaşlıqdan mədəni mübadiləyə qədər geniş sahələrdə əlaqələrin inkişaf perspektivlərini işıqlandırdı.

Azərbaycan və İtaliya 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri ilə münasibətlərini rəsmiləşdirib. Bu sənədlər siyasi dialoqun, iqtisadi əməkdaşlığın və qarşılıqlı hörmətin təməlini qoyub. Prezident Əliyev, xanım Meloninin səfərinin regional sabitlik və əməkdaşlıq baxımından Azərbaycanın rolunun beynəlxalq səviyyədə tanınmasının göstəricisi olduğunu vurğuladı.

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edib. Energetika sahəsi bu əməkdaşlığın əsasını təşkil edir; Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. Keçən il Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyardı İtaliya bazarına yönəldilib. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi ilə bu həcmin daha da artırılması planlaşdırılır ki, bu da Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsini gücləndirəcək.

Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollarlıq sərmayəsi də iqtisadi əlaqələrin dərinliyini göstərir. Bu sərmayələr yeni layihələrə cəlb edilməklə iki ölkə arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsinə xidmət edir.

Hərbi-texniki əməkdaşlıq iki ölkə arasında yeni və ümidverici bir sahə kimi gündəmə gəlib. Birgə layihələr, istehsalın təşkili və İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaiti ilə birləşdirilməsi bu sahədə konkret niyyətləri əks etdirir. Bu, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və İtaliyanın müdafiə sənayesinin ixrac potensialının artırılmasına töhfə verəcək.

İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti, xüsusilə işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən 23 layihə ilə diqqət çəkir. Bu layihələr regionun yenidən qurulmasında İtaliyanın aktiv rolunu və Azərbaycanın beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bu əraziləri canlandırma siyasətinin uğurunu nümayiş etdirir.

İqtisadi və siyasi əlaqələrlə yanaşı, təhsil sahəsi Azərbaycan-İtaliya münasibətlərinin ən vacib aspektlərindən biridir. Keçən il Bakıda açılan İtaliya-Azərbaycan Universiteti bu sahədə atılan ən mühüm addımdır. Universitetin Azərbaycanda təhsilin inkişafına böyük təsiri olacağı gözlənilir. Hazırda 500-dən çox tələbənin təhsil aldığı bu müəssisə, gələcəkdə həm peşəkar mütəxəssislərin yetişməsinə, həm də Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda mədəni elçilərinin formalaşmasına xidmət edəcək. Bu, təhsil vasitəsilə iki xalq arasında qarşılıqlı anlaşma, mədəni mübadilə və dostluq əlaqələrinin möhkəmlənməsinə zəmin yaradır.

Prezident İlham Əliyevin bəyanatı Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın çoxşaxəli və dinamik xarakterini əks etdirir. İqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, hərbi-texniki sahədə inkişaf və xüsusilə təhsil və mədəniyyət mübadiləsi vasitəsilə möhkəmlənən bu əlaqələr, iki ölkənin gələcək inkişafı və regional sabitlik üçün böyük potensial vəd edir. İtaliya-Azərbaycan Universiteti kimi layihələr, rəsmi siyasətlərin mədəniyyət siyasəti ilə necə ahəngdar şəkildə birləşərək xalqlararası dostluğu və qarşılıqlı anlaşmanı gücləndirdiyinin bariz nümunəsidir. Bu münasibətlər, beynəlxalq əməkdaşlığın və strateji tərəfdaşlığın uğurlu modelini təşkil edir.

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: