Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci “SAHA 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində Azərbaycan da iştirak edir.
NUHÇIXAN Müdafiə Sənayesi Nazirliyinə istinadən xəbər verir ki, iki ildən bir təşkil olunan sərgidə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi Qapalı Səhmdar Cəmiyyətinə məxsus 75 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. Holdinqin stendində “Azərsilah”la yanaşı, digər yerli müdafiə sənayesi müəssisələri də təmsil olunur.
Sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin bir çox ölkələrin rəsmi şəxsləri və şirkət rəhbərləri ilə görüşləri keçirilir. Görüşlər zamanı müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın vəziyyəti təhlil olunur, istehsal imkanları, texnoloji potensial və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanır. Bununla yanaşı, yeni tərəfdaşlıq istiqamətləri, o cümlədən müasir və innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunur.
Eyni zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Holdinq” də sərgidə təmsil olunur. Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də beynəlxalq tərəfdaşlarla bir sıra görüşlər keçirir, yeni əməkdaşlıq imkanlarını müzakirə edir.
Avropanın ən böyük müdafiə sənayesi sərgisində Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığı ön planda yer alır. Belə ki, “Baykar” şirkətinin baş direktoru, “SAHA” İstanbul İdarə Heyətinin sədri Haluk Bayraktar jurnalistlərə açıqlamasında deyib ki, Türkiyənin bir sıra aparıcı şirkətləri və digər müdafiə sənayesi müəssisələri Azərbaycanda ortaq istehsal və investisiya layihələri həyata keçirir. Haluk Bayraktar Azərbaycanla əlaqələrin inkişafına və ölkəmizdə yaradılan istehsal müəssisələrinə toxunaraq əlavə edib ki, “Azərbaycan və Türkiyə müdafiə sənayesində qardaş ölkələr olaraq yüksək səviyyədə əməkdaşlığı davam etdirir və bu tərəfdaşlıq getdikcə daha da dərinləşir”.
Qeyd edək ki, 120-dən çox ölkədən 263-ü beynəlxalq olmaqla 1700-dən çox şirkətin öz məhsullarını nümayiş etdirdiyi sərgi mayın 9-dək davam edəcək.
Nəriman Nəcəfov
