CƏNUBİ QAFQAZDA YENİ GEOSİYASİ REALLIQLAR, AZƏRBAYCANIN DİPLOMATİK GÜNDƏLİYİ VƏ SİYASİ PRİNSİPİALLIQ

A- A A+

Azərbaycan qalib dövlət olaraq sülhə sadiqlik məsələsində hər dəfə prinsipial mövqe nümayiş etdirir, qaynar münaqişələrlə və problemlərlə zəngin olan beynəlxalq münasibətlər sistemində nümunəvi sülh məkanı olduğunu atdığı addımlarla, verdiyi mesajlarla ortaya qoyur. 

2026-cı il mayın 4-də Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına videobağlantı vasitəsilə qoşularaq etdiyi çıxış və verdiyi mesaj son dövrdə regional və beynəlxalq siyasətdə baş verən proseslərin mahiyyətini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışı yalnız Azərbaycanın mövqeyinin təqdimatı deyildi. Bu çıxış həm də postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların, Azərbaycanın sülh gündəliyinin və Avropa ilə münasibətlərdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinin siyasi manifesti kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın regionda davamlı sülhün və əməkdaşlığın tərəfdarı olduğunu bir daha bəyan etdi. Xüsusilə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımların artıq nəticələr verdiyini vurğulaması diqqət çəkdi. Dövlət başçısının “biz artıq doqquz aydır sülh şəraitində yaşayırıq və sülhdə yaşamağı öyrənirik” fikri regionda yeni mərhələnin başlandığını göstərən mühüm siyasi mesaj idi. Eyni zamanda Azərbaycanın Ermənistanın ev sahibliyi etdiyi zirvə görüşünü əvvəlcədən dəstəkləməsi və Ermənistanın da 2028-ci ildə növbəti zirvə toplantısının Azərbaycanda keçirilməsinə dəstək verməsi qarşılıqlı etimad elementlərinin formalaşmağa başladığını nümayiş etdirdi.

Əslində, Prezident İlham Əliyevin videobağlantı formatında tədbirə qoşulması özü də xüsusi siyasi məna daşıyırdı. Azərbaycan tərəfi bir tərəfdən dialoq və əməkdaşlıq mühitinə sadiqliyini nümayiş etdirdi, digər tərəfdən isə regional proseslərdə milli maraqların və siyasi prinsipiallığın əsas prioritet olduğunu göstərdi. Bu yanaşma Azərbaycanın xarici siyasət kursunun əsas xüsusiyyətini – praqmatik diplomatiya ilə milli maraqların balanslaşdırılması prinsipini bir daha təsdiqlədi.

Çıxışın diqqətçəkən məqamlarından biri Avropa təsisatlarının fəaliyyətində müşahidə olunan ikili standartlara verilən sistemli və arqumentli cavab idi. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətdə sərgilədiyi qərəzli yanaşmalar tənqid edilərək, bu qurumların beynəlxalq hüququn fundamental prinsiplərinə selektiv yanaşdığı vurğulandı. Həqiqətən də Avropa Parlamentinin Azərbaycana qarşı 30 aprel tarixində qəbul etdiyi növbəti qərəzli qətnamə Avropa institutlarında hələ də ikili standartların mövcudluğunu ortaya qoymaqdadır. Təəssüf doğuran hal ondan ibarətdir ki, bəzi Avropa siyasi dairələri regionda yaranmış yeni reallıqları qəbul etmək istəmir və uzun illər ərzində Ermənistanın işğal siyasətinə göz yuman qüvvələr indi də Azərbaycana qarşı təzyiq siyasətini davam etdirməyə çalışırlar. Halbuki məhz Azərbaycan beynəlxalq hüququ və BMT qətnamələrini öz gücü hesabına təmin etmiş, ərazi bütövlüyünü bərpa etdikdən sonra isə regionda sülh müqaviləsinin imzalanmasını təşviq edən əsas tərəf olmuşdur.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa təsisatlarının – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının ikili yanaşmaları ilə bağlı səsləndirdiyi fikirlər çıxışın prinsipial hissəsini təşkil edirdi. Ölkə başçısı haqlı olaraq qeyd etdi ki, bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, Azərbaycanla bağlı qərəzli qərarlar qəbul edir. Bu kontekstdə Azərbaycanın müvafiq cavab addımları ölkənin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini göstərir.

Bu gün Azərbaycan regionda sülh müqaviləsinin müəllifi kimi çıxış edir və məhz Azərbaycanın təqdim etdiyi prinsiplər Ermənistanla normallaşma prosesinin əsasını təşkil edir. Bu baxımdan Avropa Parlamentində qəbul edilən qərəzli sənədlər real siyasi proseslərə təsir etmək gücündə deyil və daha çox müəyyən siyasi dairələrin subyektiv yanaşmasının təzahürü kimi görünür. Avropa Parlamenti ölkə başçısının da qeyd etdiyi kimi, ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Azərbaycanın bu qərəzli yanaşmalara münasibəti tamamilə prinsipial və hüquqa əsaslanan mövqedir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, heç bir xarici təzyiq və ya siyasi manipulyasiya Azərbaycanın müstəqil siyasət kursuna təsir göstərə bilməz.

Azərbaycanın sülh gündəliyinin əsas istiqamətlərindən biri regional kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və qarşılıqlı təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasıdır. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də məhz Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq platformasına çevrilməsi ideyasının ön plana çıxarılması idi. Bu konsepsiya yalnız region dövlətlərinin deyil, həm də Avropanın enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi də təsadüfi deyil. İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. İki ölkə arasında siyasi və ticari əlaqələr yüksək səviyyədədir. Bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan Avropa üçün yalnız enerji resursları ixrac edən ölkə deyil, eyni zamanda etibarlı siyasi tərəfdaş və mühüm geostrateji aktordur. Məlumdur ki, İtaliya uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqli İtaliya ilə əməkdaşlığın strateji xarakterini daha da gücləndirib. Bu səfər həm də ona görə önəmlidir ki, Almaniyadan sonra Avropa İttifaqının digər bir önəmli aktoru Cənubi Qafqazın bölücü xətlər çəkməyin əleyhinə çıxıb. Digər dqqət çəkən başlıca məqam tərəflər arasındakı hərbi-texniki əməkdaşlıqdır. Xanım Meloninin təbirincə desək, İtaliya bu əməkdaşlığı dərinləşdirmək və aerokosmik sənaye, dəniz təhlükəsizliyi məsələlərində birgə işbirliyinədək genişləndirmək niyyətindədir.

Ciorcia Meloninin Bakıya səfəri fonunda verilən mesajlar göstərdi ki, rəsmi Roma Azərbaycanın regional liderliyini və sülh təşəbbüslərini dəstəkləyir. Bu isə Avropa daxilində Azərbaycana münasibətdə daha realist və praqmatik yanaşmanın gücləndiyini göstərən mühüm amildir.

Digər mühüm məqam isə 5 may tarixində Avropa İttifaqınin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri oldu. Bu səfər bir daha nümayiş etdirdi ki, Avropa İttifaqı regionda Azərbaycanın rolunu və əhəmiyyətini nəzərə almağa məcburdur. Görüşlər zamanı rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji, bağlantılar, enerji təhlükəsizliyi, iqtisadi-ticari münasibətlər, regional təhlükəsizlik məsələləri, Azərbaycan ilə Ermənistan arasında sülh prosesi, Azərbaycanın sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar və s. məsələlər əsas müzakirə mövzuları sırasında idi.

Qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanla əməkdaşlığa verdiyi önəm daha da artıb. Bu reallıq Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Bakının rolunu gücləndirib. Məhz buna görə də bəzi siyasi dairələrin Azərbaycana qarşı qərəzli yanaşmalarına baxmayaraq, praktiki siyasətdə Avropa ilə Azərbaycan arasında əməkdaşlıq genişlənməkdə davam edir.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün Azərbaycan həm regional təşəbbüslərin müəllifi, həm Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş, həm də sülh gündəliyinin əsas aparıcı qüvvəsi kimi çıxış edir. Ermənistanın paytaxtında keçirilən zirvə toplantısında səsləndirilən mesajlar da məhz bu yeni geosiyasi reallığın siyasi ifadəsi idi.

Müasir beynəlxalq münasibətlər sistemində güclü dövlət yalnız hərbi və iqtisadi potensialla deyil, həm də diplomatik təşəbbüsləri və siyasi iradəsi ilə fərqlənir. Azərbaycan son illərdə məhz bu modeli nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz regional proseslərin aktiv iştirakçısına, əsas müəyyənedici dövlətlətdən birinə çevrilib. Bu isə Azərbaycanın gələcək illərdə də Cənubi Qafqazın siyasi və iqtisadi arxitekturasında aparıcı rol oynayacağını deməyə əsas verir.

Emin ŞIXƏLİYEV

Naxçıvan MR Ali Məclisinin deputatı,

Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: