Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Avropa Parlamentinin suveren dövlətlərə münasibətdə siyasəti fonunda Azərbaycanın bu struktur ilə əməkdaşlığı dayandırması qərarı təəccüb doğurmur.
NUHÇIXAN xəbər verir ki, Mariya Zaxarova Moskvada keçirilən brifinqdə Bakının qərarını şərh edib. O vurğulayıb ki, Azərbaycan Avropa Parlamentinin “kobudluğu, hörmətsizliyi və ölkənin daxili işlərinə birbaşa müdaxiləsi” ilə qarşılaşan yeganə dövlət deyil. Bu, Azərbaycanın suveren hüququdur.
O bildirib: “Bu, Bakının qondarma Avropa Parlamenti ilə əlaqəni dayandırmaq barədə suveren qərarıdır. Həmin qərar təəccüb doğurmur”.
Rusiya XİN-in rəsmi nümayəndəsi Avropa Parlamentinin qəbul etdiyi qətnamələri kəskin tənqid edərək onları “təkcə siyasiləşdirilmiş deyil, həm də feyk” adlandırıb. O əlavə edib ki, “bu qurum nasaz printer kimi bu cür sənədləri sonsuza qədər çap edir”.
M. Zaxarova, həmçinin bildirib ki, Avropa Parlamentinin üçüncü ölkələrlə bağlı qətnamələrinin ritorikası “təkəbbürlü mentor tonuna malikdir. Sanki hər hansı metropoliya öz müstəmləkələri ilə danışır”.
Diplomatın sözlərinə görə, Avropa Parlamenti “çoxdandır ki, Brüsselin yeni ultra-liberal siyasətinin ruporuna çevrilib və demokratiya ilə heç bir əlaqəsi yoxdur”. O, həmçinin qurumu feyk xəbərlər yaymaqda, söz azadlığını boğmaqda və tarixin manipulyasiyasında ittiham edib.
Eyni zamanda, Zaxarova qeyd edib ki, Azərbaycan Avropanın başqa strukturları ilə
qarşılıqlı fəaliyyətini davam etdirir. “Bakı Avropanın digər strukturları ilə dialoqunu davam etdirir, amma yenə də bu məsələdə suveren hüquqa malikdir”, - deyə o vurğulayıb.
