Bir ölkənin gələcəyini onun yolları, binaları və ya iqstisadi gəlirləri deyil, yetişdirdiyi insanlar müəyyən edir. Dövlətin ən böyük sərvəti onun təbii ehtiyatları yox, insan kapitalıdır. Xüsusilə gənclər ölkənin gələcəyini formalaşdıran, yeni ideyalar gətirən və inkişafın əsas hərəkətverici qüvvəsi olan təbəqədir. Son illərdə dünyada qloballaşmanın sürətlənməsi, beynəlxalq təhsil və əmək bazarlarının genişlənməsi fonunda Azərbaycandan da müəyyən sayda gəncin xaricdə təhsil almağa və işləməyə maraq göstərməsi müşahidə olunur. Bu proses yalnız Azərbaycana aid deyil, dünyanın bir çox ölkələrinin qarşılaşdığı qlobal çağırışdır.
Müasir dünyada beyin köçü təkcə demoqrafik problem deyil. Bu, iqtisadiyyatın, təhsilin, elmin və gələcəyin problemidir. Əgər bir ölkənin ən yaxşı mühəndisləri, proqramçıları, alimləri və yaradıcı insanları başqa ölkələrin inkişafına xidmət edirsə, həmin ölkənin daxili inkişaf tempi qaçılmaz olaraq zəifləyir.
Bəzən universitet diplomu sadəcə formal sənədə çevrilir. Çünki əmək bazarı ilə təhsil sistemi arasında ciddi uyğunsuzluq mövcuddur. Müasir dünya artıq süni intellekt, rəqəmsal iqtisadiyyat və innovasiya dövrünə keçib. Amma bir çox gənc hələ də praktik bacarıq qazanmadan universitet bitirir. Nəticədə xarici ölkələr həm təhsil, həm də karyera baxımından daha cəlbedici görünür.
Əlbəttə, mövcud çağırışlar da var. Müasir əmək bazarı sürətlə dəyişir və yeni bacarıqlar tələb edir. Buna görə universitetlərlə əmək bazarı arasında əlaqələrin daha da gücləndirilməsi, praktik təhsilin artırılması və innovativ düşüncənin təşviqi vacib məsələlərdəndir. Bu istiqamətdə həm dövlət qurumları, həm də özəl sektorun əməkdaşlığı xüsusi rol oynayır.
Əslində, xaricə gedən hər gənc itki deyil. Problem onların geri dönmək istəməməsidir. Əgər ölkə güclü elmi mühit, müasir iqtisadiyyat və açıq inkişaf imkanları yarada bilsə, bir gün gedənlər geri qayıda bilər. Çünki insan harada yaşamasından asılı olmayaraq, doğulduğu torpaqla mənəvi bağını heç vaxt tam itirmir.
Azərbaycan dövləti son illərdə gənclərin məşğulluğu, təhsili və peşəkar inkişafı istiqamətində mühüm addımlar atır. Dövlət proqramları, yeni texnologiya layihələri, sənaye parkları, startap təşəbbüsləri və beynəlxalq təhsil imkanları ölkədə insan kapitalının gücləndirilməsinə xidmət edir.
Müasir dövrdə gənclər yalnız iş deyil, inkişaf mühiti axtarırlar. Onlar bilik və bacarıqlarını reallaşdıra biləcəkləri, innovativ ideyalarını tətbiq edə biləcəkləri platformalara ehtiyac duyurlar. Məhz buna görə son illərdə Azərbaycanda rəqəmsal transformasiya, innovasiya və sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri gənclər üçün yeni iqtisadi imkanlar yaradır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji layihələri, yeni texnologiyaların tətbiqi gələcəkdə minlərlə gəncin müasir peşələr üzrə məşğulluğunu təmin edə bilər.
Dövlətin əsas məqsədlərindən biri də xaricdə təhsil alan gənclərin bilik və təcrübəsini sonradan ölkənin inkişafına yönəltməkdir.
Gənclərin ölkəyə bağlılığını gücləndirən əsas amillərdən biri də sabitlik və təhlükəsizlikdir. Azərbaycan bu gün regionun ən sabit və inkişaf edən dövlətlərindən biri kimi böyük iqtisadi və strateji layihələr həyata keçirir. Nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat və yaşıl inkişaf istiqamətində görülən işlər yaxın illərdə yeni iş yerlərinin yaranmasına ciddi təkan verəcək.
Beyin köçünün qarşısını almağın ən doğru yolu gənclər üçün perspektiv yaratmaqdır. Azərbaycanda formalaşan yeni inkişaf modeli məhz insan kapitalına, innovasiyaya və müasir iqtisadiyyata əsaslanır. Dövlətin həyata keçirdiyi gənclər siyasəti də bu məqsədə xidmət edir: savadlı, peşəkar və vətəninə bağlı gənclərin yetişdirilməsi.
Faktiki olaraq xaricdə təhsil alan və ya işləyən Vətən övladları ölkə üçün potensial imkan hesab olunur. Onların qazandıqları beynəlxalq təcrübə gələcəkdə Azərbaycanın inkişafına töhfə verə bilər. Əsas məsələ bu potensialı düzgün istiqamətləndirmək və gənclərin öz gələcəyini məhz Azərbaycanda görməsini təmin etməkdir.
Bu gün Azərbaycan qarşısında duran əsas məqsədlərdən biri güclü iqtisadiyyatla yanaşı, güclü insan kapitalı formalaşdırmaqdır. Əgər gənclər öz ideyalarını, arzularını və gələcəklərini Azərbaycanda reallaşdıra bilirlərsə bu, dövlətin ən böyük uğurlarından biri hesab oluna bilər.
Azərbaycanın gələcəyi məhz öz ölkəsinə inanan və onun inkişafında iştirak edən gənclərin əlindədir. Çünki güclü dövlət yalnız iqtisadi göstəricilər və texnoloji inkişafla deyil, vətəninə bağlı, savadlı, məsuliyyətli və təşəbbüskar insanlarla qurulur. Öz xalqının dəyərlərinə sahib çıxan, eyni zamanda müasir dünyanın bilik və bacarıqlarını mənimsəyən gənclər cəmiyyətin ən böyük dayağıdır. Sabahın Azərbaycanını formalaşdıracaq qüvvə də məhz düşünən, yaradan, çalışan və ölkəsinin uğurunu şəxsi uğuru hesab edən gənclərdir. Dövlətlərin taleyini dəyişən əsas amil insan kapitalıdır və bu kapitalın ən güclü təmsilçisi gənclərdir. Ona görə də Azərbaycanın davamlı inkişafı, beynəlxalq nüfuzu və milli gücü gənclərin bilik, vətənpərvərlik və əzmi ilə birbaşa bağlıdır.
Əlövsət HÜSEYNQULİYEV
AŞPA-nın üzvü statusuna malik Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri
