Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası işinə başlayıb - YENİLƏNİB

A- A A+

Mayın 14-də “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirə Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən ümumilikdə 114 ölkədən QHT təmsilçiləri qatılıb.

Əvvəlcə təşkilatın birillik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Qlobal Cənub dünya arenasında mühüm rol oynayır. Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir. Biz coğrafi, tarixi, mədəni cəhətdən və həmçinin tale etibarilə Qlobal Cənubun bir hissəsiyik.

O qeyd edib ki, Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi bütün çətinlikləri və problemləri, o cümlədən tarixi mirası tam və əhatəli şəkildə anlayır. Çünki Azərbaycan da müstəqillik illəri və bütün tarixi boyu bu çətinliklərin və problemlərin hamısından keçib.

Hikmət Hacıyev xüsusilə müstəmləkəçilik və neomüstəmləkəçilik elementlərini vurğulayıb. Nəzərə çatdırıb ki, Qlobal Cənub ölkələri tarixin müxtəlif dövrlərində bundan çox əziyyət çəkiblər. Bu, bəşəriyyətin üzündə bir yaradır, lakin təəssüf edirik ki, bu təcrübə qlobal müstəvidə yeni forma və təzahürlər alaraq davam etməkdədir. Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatına sədrlik edərkən neomüstəmləkəçiliyə qarşı mübarizəni əsas prioritetlərindən biri kimi müəyyən edib.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib ki, bugünkü görüş təkcə institusional bir mərhələ deyil, həm də Azərbaycanda keçirilən COP29 zamanı yaranan həmrəylik, dialoq və əməkdaşlıq ruhunun, Qlobal Cənubun yaradılmasının davamıdır. Eyni zamanda, Azərbaycanın Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi, dialoq və praktiki fəaliyyət üçün inklüziv beynəlxalq platformalar yaratmaq baxımından davamlı öhdəliyidir.

Onun sözlərinə görə, bu platforma dialoq üçün bir məkan olmaqdan daha çoxdur. Bu, fəaliyyət qüvvəsidir. Bu gün Bakıda Baş Assambleyanın keçirilməsi bu vizyonun reallığa çevrildiyinin açıq göstəricisidir.

Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Qlobal Cənub Platformasının vətəndaş cəmiyyətinin mühüm və qalıcı miraslarından biri kimi qəbul edildiyini deyib. Bildirib ki, Platforma artıq beynəlxalq təşkilatlar və nüfuzlu mərkəzlər tərəfindən tanınır.

Tədbirdə, həmçinin BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç BMT Baş katibinin Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.

Müraciətdə bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və qlobal səviyyədə inklüziv iştirakın təşviqi istiqamətindəki davamlı səylərini yüksək qiymətləndirir.

Qeyd edilib ki, Qlobal Cənub QHT Platforması qlobal həmrəylik, dialoq və tərəfdaşlıq üçün mühüm mexanizm rolunu oynayır. Müraciətdə, həmçinin inklüziv inkişafın təşviqi, dayanıqlılığın gücləndirilməsi, effektiv çoxtərəflilik və əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə Qlobal Cənuba dəstək baxımından qlobal öhdəliklərin yerinə yetirilməsinin və heç kimin diqqətdən kənarda qalmamasının vacibliyi vurğulanıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva nəzərə çatdırıb ki, bu gün dünya mürəkkəb geosiyasi böhranlar, iqlim dəyişikliyi, humanitar çağırışlar və artan bərabərsizliklərlə üz-üzədir. Belə bir dövrdə Qlobal Cənubun baxış bucağı daha aydın və daha güclü şəkildə eşidilməlidir.

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib tədbirin əhəmiyyətini qeyd edib. O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin vətəndaş cəmiyyətinin Cənub-Cənub və üçtərəfli əməkdaşlığın inkişafında əvəzolunmaz olduğuna tam inandığını söyləyib.

Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun Məsləhət Şurasının sədri Luis Gallegosun sözlərinə görə, bu gün xalqlarımızın və ölkələrimizin üzləşdiyi çoxsaylı çağırışlarla mübarizə aparmaq üçün əvvəlkindən də daha çox birləşməyimiz tələb olunur.

Dağıdıcı hərəkətlərə, parçalanmaya yox deyən Luis Gallegos dialoq, danışıqlar və konsensusun yaradılmasının vacibliyini qeyd edib.

Somali Federativ Respublikası Prezidentinin müşaviri, “Sadar” İnstitutunun təsisçisi və baş icraçı direktoru Mohamed Osman Mohamoud bildirib ki, Azərbaycan bu gün həm regional, həm də sivilizasiyalar arasında bir körpü kimi çıxış edir, dialoqun, sülhün və dayanıqlı inkişafın təşviqi istiqamətində mühüm addımlar atır.

İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun təsisçisi Nidal Salim qeyd edib ki, Qlobal Cənubda sürətli şəhər transformasiyası dövründə forumun ilk dəfə Cənubi Qafqazda keçirilməsi xüsusilə əhəmiyyətlidir. Bu tədbir beynəlxalq görüşdən daha artığıdır. Bu gün Qlobal Cənub insanlığın əsasən Afrikada, Asiyada, Latın Amerikasında və digər inkişaf etməkdə olan regionlardakı şəhərlərdə yaşayacağı bir dövrə qədəm qoyub.

Tədbir çərçivəsində Qlobal Cənub QHT Platformasının institusional strukturu və fəaliyyət mexanizmlərinə dair çərçivə sənədi qəbul edilib.

Daha sonra Qlobal Cənub QHT Platformasının (GSNP) Baş katibi və regionlar üzrə onun müavinləri seçilib.

Azərbaycan təmsilçisi Fuad Kərimli GSNP-nin Baş katibi seçilib. Beləliklə, qarşıdakı 5 il müddətində təşkilata sədrliyi Azərbaycanın QHT təmsilçisi edəcək. Keniya təmsilçisi Mithika Mwenda GSNP Baş katibinin Afrika regionu, Özbəkistan təmsilçisi Bobur Bekmurodov Asiya regionu, Ekvador təmsilçisi Luis Gallegos Latın Amerikası regionu, Filippindən olan Cecile Guidote-Alvarez isə Sakit okean regionu üzrə müavini seçiliblər.

GSNP-nin rəhbər strukturuna seçilənlər təqdimatlarla çıxış ediblər.

Baş Assambleya işini panel iclasları ilə davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: