Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti: Universitetlərimiz xalqımızın beynəlxalq aləmlə inteqrasiyasını təmin edir
Biz ali təhsili yalnız iqtisadiyyata töhfə verən bir sektor olaraq görmürük. Universitetlərimiz, eyni zamanda, dünya ilə qurduğumuz ən güclü körpülərdən biri olaraq Kipr Türk xalqının beynəlxalq birliklə inteqrasiyasını, fərqli xalqlar və mədəniyyətlərlə qarşılıqlı əlaqəsini təmin edən hərəkətverici qüvvələrdən biridir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
Bu gün ölkələrində 23 universitetin fəaliyyət göstərdiyini diqqətə çatdıran Tufan Erhürman deyib: "Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən gələn tələbələrimizin sayının hər gün daha da artmasını olduqca əhəmiyyətli hesab edirik. Türkiyədən gələn tələbələrimizlə yanaşı, Qazaxıstandan 829, Azərbaycandan 466, Qırğızıstandan 259 və Özbəkistandan 152 tələbə hazırda ölkəmizdə təhsil almaqdadır. Dost və qardaş ölkələrimizdən gələn tələbələrə verdiyimiz təhsil, əlbəttə ki, dövlətimizin dəstəyi ilə davam edir", - deyə Prezident əlavə edib.
