15 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib. Bu səfər türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və rəqəmsal əməkdaşlığın yeni mərhələsini əks etdirən mühüm hadisə kimi qiymətləndirilir. Hazret Sultan Beynəlxalq Aeroportunda Dövlət başçısı Qazaxıstanın Dövlət Müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər yüksək vəzifəli şəxslər tərəfindən qarşılanıb.
Zirvə görüşü zamanı çıxış edən Prezident İlham Əliyev qardaş ölkələr arasındakı əlaqələrin yüksək səviyyəsini xüsusi vurğulayıb: “Son 5 ildə bu, mənim Qazaxıstana səkkizinci səfərimdir. Prezident Tokayev isə Azərbaycana altı dəfə səfər etmişdir. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırmışdır.”
Prezident Şuşa ilə Türküstanın qardaşlaşmasını xatırladaraq qeyd edib ki, “Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır.” Bu, türk dünyasının ortaq mədəni irsinə verilən yüksək dəyərin simvoludur.
Prezident çıxışında TDT-nin inkişaf dinamikasını da müsbət qiymətləndirib: 2024-cü ildə Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşü artıq ənənəyə çevrilir. Azərbaycan Qəbələ Zirvəsindən sonra təşkilat çərçivəsində əməkdaşlığı dərinləşdirmək üçün fəal iş aparır. Yaxın günlərdə Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu keçiriləcək. İyun ayında isə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk dünyası həftəsi təşkil olunacaq.
Zirvənin əsas mərkəzində rəqəmsal inkişaf və süni intellekt mövzusu Prezident İlham Əliyevin çıxışının mərkəzində dayanırdı. Azərbaycanda bu sahədə atılan addımlar barədə məlumat verən dövlət başçısı Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradıldığından söz açaraq Süni İntellekt Strategiyası qəbul olunduğunu xüsusi vurğulayıb. Dövlət başçısının sözlərinə görə, ölkədə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılıb, bütün dövlət xidmətləri vahid rəqəmsal platformaya keçirilir. Türk dövlətləri arasında “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Azərbaycan-Qazaxıstan Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır. Bu, isə Avropa ilə Asiya arasında rəqəmsal bağlantının möhkəmlənməsinə ciddi töhfələr verəcək.
Prezident İlham Əliyev Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) artan əhəmiyyətindən söz açaraq, cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin rolunun daha da artdığını qeyd edib. Bundan əlavə reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən biri kimi qiymətləndiriləcək. Gömrük prosedurlarının sadələşdirilməsi və TDT çərçivəsində “e-Permit” sisteminin tətbiqi bu prosesi daha da sürətləndirəcək. Həmçinin səfər çərçivəsində Zirvə iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində də iştirak ediblər. Mərkəz türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunması, öyrənilməsi və təbliğinə xidmət edəcək. Bu layihə türk sivilizasiyasının dünya tarixindəki unikal yerini və dövlətçilik ənənələrini beynəlxalq ictimaiyyətə nümayiş etdirəcək. “GovTech” təqdimatı zamanı Qazaxıstanda süni intellekt layihələri barədə məlumat verilib və türk dövlətləri arasında bu istiqamətdə əməkdaşlığın böyük potensialı qeyd olunub.
Zirvənin yekununda dövlət başçıları Türküstan Bəyannaməsini və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavininin təyin olunması haqqında qərarı imzalayıblar. Bu sənədlər təşkilatın institusional inkişafına və praktiki əməkdaşlığına yeni impuls yaradacaq. Strateji uğur və gələcək perspektivlər Prezident İlham Əliyevin xarici siyasəti praqmatizm, uzaqgörənlik və milli maraqların qətiyyətli müdafiəsinə əsaslanır. Qazaxıstanla müttəfiqlik əlaqələri, TDT çərçivəsində fəal iştirak və rəqəmsal-iqtisadi layihələr Azərbaycanın regional liderliyini, iqtisadi dayanıqlılığını və beynəlxalq nüfuzunu gücləndirir.
Bu səfər bir daha göstərir ki, Azərbaycan türk dünyasının siyasi birliyini, iqtisadi inteqrasiyasını və mədəni-mənəvi yaxınlaşmasını ardıcıl şəkildə dəstəkləyir. Türk dövlətlərinin birgə səyləri ilə XXI əsrdə türk dünyası qlobal geosiyasi güc mərkəzlərindən birinə çevriləcək. Prezident İlham Əliyevin Türküstan səfəri Azərbaycan diplomatiyasının parlaq səhifələrindən biridir və ölkəmizin gələcək inkişaf prioritetlərini, rəqəmsal transformasiya, innovasiyalar, nəqliyyat-logistika və mədəni irsin qorunmasını türk ailəsi çərçivəsində reallaşdırmağa xidmət edir. Azərbaycan isə bu yolda qətiyyətli və etibarlı tərəfdaş kimi addımlayır.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
