Anar Quliyev: "Şəhərlərin inkişafına kompleks yanaşma olmalıdır"

A- A A+

Dünyada artan urbanizasiya, mənzil əlçatanlığı problemi, qeyri-rəsmi yaşayış məntəqələri və iqlim dəyişikliklərinin yaratdığı risklər şəhərlərin inkişafına kompleks yanaşmanı zəruri edir.

NUHÇIXAN xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə bildirib.

Onun sözlərinə görə, mənzil məsələsinə yalnız tikinti kimi deyil, torpaq istifadəsi, nəqliyyat, infrastruktur, yaşıl məkanlar, iqtisadi məhsuldarlıq və sosial həmrəyliklə əlaqəli geniş şəhər siyasətinin tərkib hissəsi kimi yanaşılmalıdır.

"Bu çağırışlar ayrı-ayrı problemlər deyil, bir-biri ilə əlaqəli reallıqlardır və inteqrasiya olunmuş həllər tələb edir. Nazirlər görüşü WUF-un əsas yüksək səviyyəli seqmentlərindən biri hesab olunur və illər ərzində mənzil, şəhər inkişafı və dayanıqlı şəhərlər üzrə qlobal dialoq platformasına çevrilib", -deyə sədr qeyd edib.

Onun sözlərinə görə, WUF13 çərçivəsində nazirlər görüşünün daha interaktiv və nəticəyönümlü formatda təşkili xüsusi əhəmiyyət daşıyır: "Yeni format ölkələrin yalnız təcrübə paylaşmasına deyil, həm də konkret həll yollarını müzakirə etməsinə, uğurlu təcrübələri nümayiş etdirməsinə və kollektiv fəaliyyəti gücləndirməsinə imkan yaradır".

A. Quliyev əlavə edib ki, bugünkü görüş Yeni Şəhər Gündəliyinin icrasında əldə olunan nəticələrin qiymətləndirilməsi, uğurlu təcrübələrin paylaşılması və növbəti onillik üçün prioritet fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm imkan yaradır.

"Görüş həm də bu ilin iyul ayında Nyu-Yorkda keçiriləcək və BMT Baş Assambleyasının mandatı ilə təşkil olunan Yeni Şəhər Gündəliyinin yüksək səviyyəli aralıq qiymətləndirmə prosesinə hazırlıq xarakteri daşıyır. Bakıda keçirilən bu forum yalnız müzakirə platforması deyil, həm də daha güclü tərəfdaşlıqların, institutların və nəticəyönümlü fəaliyyətin formalaşdırılması üçün mühüm çağırışdır", – deyə o vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: