Novruz İsmayıl oğlu Məmmədov 15 mart 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.
NUHÇIXAN-ın məlumatına görə, 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.
Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.
12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.
1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.
2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.
Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə, Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif edilib.
2005-ci ilin sentyabrından UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.
Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.
2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunub.
13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.
1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir.
Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.
Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı və nəvələri var.