Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal gündəm üçün kritik əhəmiyyətli bir vaxtda keçirilir.
NUHÇIXAN xəbər verir ki, bunu Polşanın BMT yanında daimi nümayəndəsi, Yeni Şəhərsalma Proqramının siyasi bəyannaməsinin hazırlanması üzrə hökumətlərarası prosesin həmsədri Kşiştof Şerski WUF13 çərçivəsində nazirlər görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Yeni Şəhərsalma Proqramı qəbul edildikdən təxminən on il sonra dünya ictimaiyyəti getdikcə daha mürəkkəb və bir-biri ilə əlaqəli problemlərlə üzləşməyə davam edir.
Şerski bərabərsizliyin artması, iqlim dəyişikliyi, miqrasiya, eləcə də infrastruktur və əsas xidmətlərə artan təzyiq kimi qlobal çağırışları xüsusi qeyd edib.
O, WUF13-də aparılacaq müzakirələrin son dərəcə qiymətli olacağını vurğulayıb. "Forum bütün maraqlı tərəflərin görüşə, müzakirə apara, dayanıqlı şəhərlərin inkişafı ilə bağlı təcrübə və çağırışları bölüşə biləcəyi unikal platforma təqdim edir", - polşalı diplomat bəyan edib.
Qeyd edək ki, mayın 17-də Bakıda öz işinə başlayan WUF13 mayın 22-də başa çatacaq.
