Anar Quliyev: "Bərpa olunan enerjinin payı 38 %-ə çatdırılacaq"

A- A A+

Azərbaycanda həyata keçirilən iri enerji layihələri nəticəsində bərpa olunan enerjinin ölkənin enerji balansındakı payının hazırkı 13 %-dən təxminən 38 %-ə çatdırılması gözlənilir.

NUHÇIXAN xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib.

"Həyata keçirilən layihələrdən biri ildə 500 milyon kilovat-saat enerji istehsal edəcək. Eyni zamanda, "ACWA Power" şirkətinin icra etdiyi Xızı-Abşeron külək elektrik stansiyası layihəsi regionun ən böyük külək enerjisi layihəsinə çevriləcək. Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Bakı İqlim və Sülh Mərkəzi ilə birlikdə WUF13 çərçivəsində "Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məntəqələri" təşəbbüs paketini təqdim etməyi planlaşdırır. Təşəbbüs dayanıqlı bərpa və yenidənqurma üzrə beynəlxalq standartların dəstəklənməsinə xidmət edəcək".

O, əlavə edib ki, Azərbaycan dayanıqlı yenidənqurma, iqlimə həssas planlaşdırma, rəqəmsal transformasiya və inklüziv ərazi inkişafı vasitəsilə qlobal dialoqa töhfə verməyi, oxşar problemlərlə üzləşən ölkələrlə təcrübəsini bölüşməyi hədəfləyir: "Azərbaycan "UN-Habitat" ilə əməkdaşlığın inkişafına böyük önəm verir və şəhərlərin qlobal inkişaf və iqlim həllərinin mərkəzində qalması üçün əməkdaşlığı gücləndirməyə sadiqdir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: