Sudan rəsmisi: İnanırıq ki, WUF13-dəki təcrübə şəhərlərimizin bərpası istiqamətindəki səylərə böyük töhfə verəcək
2025-ci ilin sonlarında biz BMT Təhlükəsizlik Şurasına Sudanda sülh üçün hərtərəfli təşəbbüs təqdim etdik.
NUHÇIXAN xəbər verir ki, bu barədə Sudan rəsmisi Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Milli Nazirlik Bəyanatları – Yeni Şəhərsalma Proqramının icra vəziyyətinə dair nazirlər səviyyəsində görüş"də deyib.
O bildirib ki, bu təşəbbüs münaqişənin dayandırılması və dayanıqlı sülhün təşviqi üçün aydın yol xəritəsini müəyyən edir.
“Buraya dərhal və hərtərəfli atəşkəs, mülki şəxslərin müdafiəsi, humanitar yardımların maneəsiz çatdırılması, qaçqın və köçkünlərə dəstək daxildir. Afrika İttifaqı Komissiyası, BMT və Ərəb Dövlətləri Liqası kimi regional və beynəlxalq qurumlar tərəfindən dəstəklənən bu təşəbbüs münaqişəni dinc vasitələrlə həll etmək və bütün Sudan vətəndaşları üçün sabit və firavan gələcəyi təmin etmək əzmimizi əks etdirir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticələri və müzakirələri olduqca dəyərlidir. Biz inanırıq ki, buradakı kollektiv müdriklik və təcrübə şəhərlərimizin və icmalarımızın bərpası, xalqlarımız üçün təhlükəsiz şəhərlərin yaradılması istiqamətindəki səylərimizə böyük töhfə verəcək”, - deyə Sudan rəsmisi qeyd edib.
