Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) təkcə Azərbaycan üçün deyil, həm də dünya ölkələri üçün vacib tədbirdir.
NUHÇIXAN xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tədbir müxtəlif tərəfləri bir araya gətirir: "Azərbaycan 2021-ci ildən bəri davamlı şəhərsalma üzrə dialoq üçün mühüm milli platforma yaradaraq Milli Şəhərsalma Forumlarını aktiv şəkildə təşkil edir. Bu forumlar şəhərlərimizin və yaşayış məntəqələrimizin gələcəyini müzakirə etmək üçün cəmiyyətin müxtəlif tərəfdaşlarını bir araya gətirib. Onlar bizə milli koordinasiyanı gücləndirməyə, prioritetləri müəyyənləşdirməyə, təcrübə mübadiləsi aparmağa və siyasətimizi Yeni Şəhərsalma Gündəliyi ilə Davamlı İnkişaf Məqsədlərinin prinsiplərinə uyğunlaşdırmağa kömək edib".
O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək həm böyük bir məsuliyyət, həm də beynəlxalq birliyin və UN-Habitat-ın Azərbaycana olan güclü etimadının göstəricisidir: "Biz WUF13-ü mümkün edən bu tərəfdaşlığa və sıx əməkdaşlığa dərindən dəyər veririk. Bizim əməkdaşlığımız ortaq dəyərlər üzərində qurulub: davamlılıq, inklüzivlik, dözümlülük və şəhərlərin ilk növbədə insanlara xidmət etməli olduğuna dair ortaq inam".
