BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru: WUF13 dialoqdan icraya keçid üçün gözəl platformadır
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dialoqdan icraya keçid üçün gözəl platformadır.
NUHÇIXAN xəbər verir ki, bunu WUF13-ün rəsmi açılışı ilə bağlı mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru (UN-Habitat) Anaklaudia Rossbax deyib.
“WUF13-də 6 yüksəksəviyyəli dialoq keçiriləcək, partnyorlar tərəfindən 317-dən çox sessiya təşkil ediləcək, 137-dən çox sərgi baş tutacaq”, - deyə o əlavə edib.
Anaklaudia Rossbax bildirib ki, yaşayış yerləri şəhərsalmanın mərkəzində dayanmalıdır: “İqlim dayanıqlılığı, mobillik, iqtisadi imkanlar da bunun ətrafında olmalıdır. Ümumdünya Şəhərsalma Forumunda dayanıqlı urbanizasiya ilə bağlı müzakirələr aparılır. BMT-nin Məskunlaşma Proqramı dövlətlər və partnyorlarla daha səmərəli institutların qurulması və gözəl həll yollarının ortaya qoyulması istiqamətində birgə çalışır. Bununla belə, qlobal konsensusa baxmayaraq, siyasətlə icra arasında ümumi boşluq var. Bu kontekstdə Ümumdünya Şəhərsalma Forumu, əslində, fəaliyyət üçün bir platformadır və koalisiyanı ortaya qoyur”.
