Qarşıdakı 25 ildə dünya üzrə şəhər əhalisinin artımının yarısı yeddi ölkənin payına düşəcək. Belə ki, Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Misir, Banqladeş və Efiopiya birlikdə 2025–2050-ci illər arasında 500 milyondan çox yeni şəhər sakini əldə edəcək. Bu rəqəm həmin dövr üzrə proqnozlaşdırılan 986 milyonluq qlobal şəhər əhalisi artımının yarısından çoxuna müvafiq gəlir.
NUHÇIXAN xəbər verir ki, bu məlumatı BMT-nin Əhali Bölməsinin nümayəndəsi Şeril Soyyer Ümümdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Gələcək urbanizasiya: şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” mövzusunda sessiyada BMT-nin 2025-ci il üzrə “Dünya Urbanizasiya Proqnozları”nı təqdim edərkən söyləyib.
Eyni zamanda, dünya üzrə 3.000-dən çox şəhərdə 2015–2025-ci illər arasında əhali azalması müşahidə edilib. Bu şəhərlərin üçdə birindən çoxu Çinə, 17 faizi isə Hindistana aiddir. Hesabata görə, şəhərlərin böyüklüyü onların əhali artımına zəmanət vermir: Mexiko və Çendu kimi iri şəhərlər belə əhali azalması ilə üzləşib.
