Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkandır və ölkəmizdə bu qəbildən olan silsilə tədbirlər reallaşdırılır. Azərbaycan BMT çərçivəsində ən böyük tədbirlərdən biri olan COP29-a ev sahibliyi etdi. Bunun ardınca Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi beynəlxalq ictimaiyyətin də, BMT-nin də ölkəmizə olan etimadının göstəricisidir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Dünyada heç də bütün ölkələrdə hazırkı şəraitdə bu miqyasda tədbirin keçirilməsi mümkün deyil. Təhlükəsizlik vəziyyəti, müharibələr, həmçinin təşkilatçılıq qabiliyyəti, şəhərlərin hazırlıq səviyyəsi və digər parametrlər baxımından demək olar ki, heç də bütün şəhərlər və ölkələr bu kimi tədbirlərə hazır deyil”, - deyə Prezidentin köməkçisi əlavə edib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin etimadı, ölkəmizin hazırlığı və çoxsaylı tədbirlərə ev sahibliyi etməsi Ümumdünya Şəhərsalma Forumu kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsini şərtləndirib.
