UN-Habitat rəhbəri: Qeyri-rəsmi yaşayış məntəqələrinə yatırımlar sosial xərc deyil, investisiya kimi qiymətləndirilməlidir
Qeyri-rəsmi yaşayış məntəqələrinin yaxşılaşdırılmasına yönələn vəsaitlər sosial xərc deyil, iqtisadi artıma töhfə verən investisiya kimi qəbul olunmalıdır.
NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci məqsədi üzrə aparılan qiymətləndirmələr bu sahədə irəliləyişin yetərli olmadığını göstərir.
Anaklaudia Rossbax qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələri iqlim dəyişikliyi, iqtisadi geriləmə və səhiyyə risklərindən ən çox təsirlənən ərazilərdir. Bu şəraitdə milyonlarla uşaq əsas xidmətlərə çıxış olmadan yaşayır.
UN-Habitat rəhbəri vurğulayıb ki, güclü mənzil siyasəti, icma əsaslı yenilənmə proqramları və qeyri-rəsmi yaşayış məntəqələrinin şəhər sisteminə inteqrasiyası əsas həll yollarıdır.
O bildirib ki, bu ərazilərə investisiya qoyulduqda yeni iş yerləri yaranır, yerli iqtisadiyyat canlanır və nəticədə ölkələrin ümumi daxili məhsulu artır.
