BMT rəsmisi: UN-Habitat mükafatları qlobal şəhərsalma əməkdaşlığını və innovativ həlləri gücləndirir
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) fəaliyyəti və inkişafı üçün mükafatların əhəmiyyətini vurğulamaq istərdim. Burada tərəfdaşlarımızı, o cümlədən Şanxay nümayəndələrini görməkdən məmnunam. Mükafatların təqdim olunması prosesində digər tərəfdaşlarla da sıx əməkdaşlıq qurmuşuq və bu əməkdaşlığın nə qədər vacib olduğunu xüsusi qeyd etmək istərdim.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Bakı Şəhərsalma mükafatı: Mənzil həllərini qlobal təsir üçün genişləndirmə" adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax deyib.
İcraçı direktorun sözlərinə görə, bu mükafatlar ona görə vacibdir ki, onlar bizə yüksəksəviyyəli kuratorlar, akademik dairələr, ekspertlər və vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq qurmağa imkan verir. Onlar, həmçinin “Yeni Şəhərsalma Gündəliyi”nin irəli aparılmasına töhfə verəcək uğurlu təcrübələri müəyyənləşdirmək və sistemləşdirməkdə bizə dəstək olur. Bu təcrübələrin toplanması qlobal şəhər icmasına və ümumilikdə cəmiyyətə praktik şəkildə faydalı ola biləcək ictimai bir resurs təqdim edir. Nəticədə, insanlar siyasət sahəsində hansı tendensiyaların formalaşdığını daha aydın görürlər.
“Eyni zamanda, bu yanaşma maraqlı tərəflərin, milli hökumətlərin, vətəndaş cəmiyyətinin, özəl sektorun, icmaların, yerli və regional hökumətlərin qarşılaşdıqları çağırışları və bu problemlərə tapdıqları praktiki həll yollarını və innovativ yanaşmaları daha yaxşı anlamağa imkan verir”, - deyə Anaklaudia Rossbax əlavə edib.
