Bu mövzu müasir cəmiyyətin gələcək inkişaf vektorunu təyin edən əsas amillərdən biridir. Eyni zamanda, dünyada baş verən demoqrafik artım fonunda, çevik şəhərsalma siyasətinin yürüdülməsini və bu istiqamətdə qlobal dialoqun qurulmasını zəruri edir. Bu proseslərdə medianın rolu xüsusi əhəmiyyət kəsb edir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirənin formalaşmasında medianın rolu” mövzusunda tədbirdə Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov deyib.
O bildirib ki, media təkcə bir məlumatlandırma vasitəsi deyil, həm də çox vacib bir platformadır.
“Şəhərsalma, şəhərsalma siyasəti və düzgün kommunikasiya strategiyaları birbaşa cəmiyyətin bu sahədəki qərarları dərk etməsinə təsir göstərir. Şəhərlər sürətlə böyüdükcə biz aydın dərk edirik ki, dayanıqlılıq sistemi birtərəfli mexanizmlərlə və ya sadəcə situativ həllərlə təmin oluna bilməz. Bu məsələ dövlət institutları ilə vətəndaşlar arasında sıx əməkdaşlığı və tərəfdaşlığı mütləq edən bir sferaya çevrilir.
Professional media nümayəndələri, sahə üzrə ekspertlər və icmalar öz aralarında vaxtında və şəffaf informasiya mübadiləsi aparmaqla cəmiyyətdə tələb olunan balansı yaratmağa qadirdirlər. Şübhəsiz ki, bu qarşılıqlı kommunikasiya, şəhərsalma siyasətinin ən mühüm istiqamətləri olan əlçatan mənzil təminatı, inklüziv məskunlaşma və digər prioritet məsələlərdə operativ və effektiv cavab tədbirlərinin formalaşmasına birbaşa töhfə verəcəkdir", - deyə R.Bağırov vurğulayıb.
