Mənzil və şəhər infrastrukturu sahəsində əsas problemlərdən biri maliyyə resurslarının bu sektorlara yönləndirilməməsidir.
NUHÇIXAN xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası( WUF13) çərçivəsində təşkil olunmuş Biznes Dəyirmi Masasında bildirib.
Onun sözlərinə görə, dünyada kifayət qədər maliyyə resursu mövcuddur, lakin bu vəsaitlər mənzil və şəhər inkişafı layihələrinə axmır: "Banklarda, pensiya fondlarında və müxtəlif fondlarda böyük maliyyə resursları var. Amma bu vəsaitlər inkişaf, mənzil və şəhər infrastrukturu layihələrinə yönəlmir. Bir sıra ölkələr daxili maliyyə resurslarından istifadə etməklə mənzil probleminin həllində uğur qazanıb".
O, Keniya nümunəsini xüsusi qeyd edib: "Keniyada hökumət 4-5 milyard ABŞ dolları həcmində daxili maliyyə resursunu mənzil sektoruna yönəldə bilib".
